"Göyçədən Türk dünyasına" salam var - deputat Qənirə Paşayeva
"Göyçədən Türk dünyasına" salam var - deputat Qənirə Paşayeva
29.03.2021 Qənirə Paşayeva Tərəfindən

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Azərbaycanın qüdrətli söz ustadı, Azərbaycan aşıq sənətinin klassiki Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Göyçədən Türk dünyasına” adlı virtual konfransda geniş çıxış edərək beynəlxalq təşkilatlara çağırış edib: "Sizləri Azərbaycanın qüdrətli söz ustadı, Azərbaycan aşıq sənətinin klassiki Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Göyçədən Türk dünyasına” adlı virtual konfransda xoş gördük!

İndi iş elə gətirib, hələlik nə biləvasitə konfranslarda canlı görüşə bilmirik, nə də Göyçədə yığışa bilmirik; ancaq Aşıq Ələsgər yaradıcılığı qala bürcü kimi türk dünyasının yaxın coğrafiyasının hər yerindən, XIX, XX yüzilliklərdən boy verib görsəndiyi kimi, gələcəyin Göyçəli günlərinin ümid və inamını da özündə barındırır. Biz ümidsiz, inamsız deyilik.

Çox şadıq ki ustadlar ustadının bu ilki yubileyi Qarabağda tarixi zəfərimizin sevinci, qüruru içində keçirilir. Düşmən üzərində tarixi zəfərdən sonrakı ilk təqvim ilimizin yanvar ayında, Şuşanı Mədəniyyət Paytaxtı, 2021-ci ili Nizami İli elan edən cənab Prezident, fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzaladı. Bu, ümumi şəkildə mədəniyyətə köklü münasibətin, konkret halda isə epos təfəkkürünə ülvi münasibətin, xalq ruhunun təcallasıdır. Fürsədən istifadə edib, dövlət başçımıza bu önəmli qərarlarına görə, Siz mötəbər konfrans iştirakçılarımızın hüzurunda bir daha minnətdarlığımızı bildiririk.

Konfransımız “Göyçədən Türk Dünyasına” adlanır. Bu da təsadüfi deyil; Aşıq Ələsgərin yaradıcılığının mətn-mündəricəsi, onun insana, insanlığa, cəmiyyətə, həyata, hadisələrə, dünyaya baxışını açıq göstərir və bu ad Göyçədən bütün Türk Dünyasına, sənətə doğmuş Günəşin haqqıdır.

Çox şadam ki, Aşıq Ələsgərin yubileyi məhz ortaq türk qurumlarının mövcudluğu və onların iştirakı ilə gerçəkləşir. Bu faktın özünün də virtual konfransımızın adını, yönünü doğrultduğuna, Aşıq Ələsgərin ruhunu şad etdiyinə inanıram.

Aşıq Ələsgər ustaddan dərs almış, özü sağlığında əfsanələşmiş, ustadlaşmış sənətkar olub.

Aşıq Ələsgərin anılması hər yeni gələn nəsillərin, türk dünyası aşıqlarının, mədəniyyət-incəsənət xadimlərinin, aydınlarımızın bir vəfa borcu, könül işidir.

Aşıq Ələsgər milli, dini mənlik şüurunun tərənnümçüsü, təbliğçisi və yaradıcılarından, onu zənginləşdirənlərdən biri olmaqla yanaşı, insandakı insanlığı oyadan, onu görməyə dəvət edən, insan ölsə də insanlığın ölməməsi gərəkliliyini, comərdliyi, xeyirxahlığı, səxavəti ifadə edən ustad olub.

Aşıq Ələsgərin həyatı, yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox başqa mənalar baxımından da güncəldir, vacibdir... İlk növbədə ona görə ki Göyçə bugün siyasi-hüquqi sərhədlərimiz içində olmasa da, mədəniyət coğrafiyamıza aiddir və bizim oradakı abidələrimiz, mədəni irsimiz ya dağıdılıb ya dağılmaq üzrədir.  Dünya Aşıq Ələsgərin qəbrinin nə üçün dağıdıldığına, Göyçə də daxil olmaqla, bütün Ermənistan ərazisindəki Azərbaycan, Türk-İslam mədəni irsinin nə üçün dağıdıldığını Ermənistan hökumətindən soruşmalıdır. Soruşmalıdır ki, o coğrafiyada yüzillər boyu yaradılmış mədəniyyət nə üçün tar-mar edilib?
Biz ermənilərin necə vandal olduğunun çox acı nəticələrini Qarabağı azad etdikdən sonra çox aydın şəkildə gördük. Buyursun, UNESCO, digər qurum-quruluşlar indi Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsinin, qəbristanlıqların bugünkü durumunu araşdırsın.

Sənətşünaslar, kulturoloqlar, tarixçilər gözəl bilir ki Aşıq Ələsgər kimi böyük sənətkarın – mədəniyyət hadisəsinin yetişməsi üçün ondan öncələrə aid oturuşmuş mühit olmalıydı. 200 il öncə Göyçədə necə bir ənənə olmalıydı, necə uzun tarixə dayalı mədəniyyət mühiti formalaşmalıydı ki Aşıq Ələsgər faktı yarana bilsin. – Bax, bu mühüm məqama bugün məruzəçilərimizin, il içində digər akademik araşdımaçılarımızın, gələcəkdə bütün uyğunprofilli tədqiqatçılarımızın diqqət-qayğı göstərməsini arzu və təmənna edir, bu istiqamətdə fəaliyyətə inamımı ifadə edirəm.

Dünyanın hər yerində yaşayan soydaşlarımızı, Türk Diaspor təşkilatlarını Aşıq Ələsgər irsinin və onun məzarı da daxil olmaqla Göyçədə, ümumilikdə indi Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında ermənilərin qəbristanlıqlarımıza, tarixi - mədəni abidələrimizə qarşı törətdiyi vandalizm aktlarını bütün dünyada geniş duyurmağa çağırırıq və inanırıq ki, onlar bu işdə fəallıqlaırnı daha da artıracaqlar.

Konfransımızın işinə uğurlar diləyir, hər bir məruzəçimizə bəri başdan təşəkkür edirəm!"

Visiontv.az