Gənc rəssamlara dəstək layihəsi çərçivəsində “İntibah günləri” adlı tədbir keçirilib
24.06.2022

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin təşkilatçılığı ilə gənc rəssamlara dəstək layihəsi çərçivəsində Avropa mədəniyyətinə həsr olunmuş “İntibah günləri” adlı tədbir keçirilib. 

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC dizayn məktəbinin gənc rəssamlarının İntibah mədəniyyətinə aid çəkdikləri rəsm əsərləri nümayiş olunub. İntibah dövrünə məxsus olan kübar musiqi və rəqs nümunələri təqdim edilib. 

Baş İdarənin rəisi İbrahim Əliyev çıxışında mədəinyyətlərin təbliği və ənənələrin yaşadılmasının əhəmiyyətini və layihənin maarifləndirici xüsusiyyətini vurğulayaraq təşkilatçılara və gənclərə uğurlar arzulayıb. UNEC dizayn məktəbinin direktoru Lalə Məmmədova tədbirin yüksək səviyyədə təşkilinə və gənc rəssamları dəstəkləyən layihəni gerçəkləşdirdiklərinə görə minnətdarlığını bildirib. Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əməkdaşı Əliseyfəl Quliyev çıxış edərək XIV əsrin əvvəlləri – XVI əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin yeni, mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarması haqqında danışıb. 

Layihə gənc rəssamlara dəstək məqsədini daşıyır, İntibah mədəniyyətini yaşadan və bu sahə üzrə yaradıcılıqla məşğul olan bütün gənclərə şamil edilir. 

Növbəti tədbirlər ictimaiyyətə açıq şəkildə keçiriləcək. Bu barədə layihənin sosial şəbəkə hesablarında məlumat veriləcək.

Visiontv.az