"Fransa Senatının və Milli Assambleyasının nümayəndlərinin Azərbaycana səfərlərini təşkil etmək çox vacibdir..."
"Fransa Senatının və Milli Assambleyasının nümayəndlərinin Azərbaycana səfərlərini təşkil etmək çox vacibdir..."
02.12.2022 MEDİA Tərəfindən

Fransa ermənipərəsət siyasətini bir daha isbat etdi.Fransa Senatı ikinci dəfədir ki, Azərbaycana qarşı bədnam qətnamə qəbul edib. Fransa - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi Fransa - Ermənistan münasibətlərinin regiondakı proseslərə təsirini necə xarakterizə edirsiniz?

Mövzu ilə bağlı millət vəkili, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“Əvvəlcə Fransa Senatının, ardınca da Fransa Milli Assambleyasının Azərbaycana qarşı qətnamə qəbul etməsi qəbuledilməzdir. Görünür ki, bu qətnamənin qəbul edilməsi Fransa – Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcək. Hərdən düşünürəm ki, məgər Fransada ağıllı senator və ya deputat yoxdurmu? Yəqin ki, var. Ona görə də bir çox həmkarlarım, siyasətçilər, bir sıra jurnalistlər və hökumət nümayəndələri Fransaya qarşı daha ciddi tədbirlərin görülməsini tələb edir. Lakin mənə belə gəlir ki, bu gün Fransanın hər iki palatasında Azərbaycana qarşı qəbul etdiyi sanksiyanın Azərbaycana elə bir ciddi təsiri yoxdur.

Çünki Fransa Prezidenti Makron bu qətnamədən irəli gələn tövsiyyələrə əməl etsə və Fransa hökumətinin də mövqeyini eyniləşdirsə o zaman burada bütün körpülərin tam olaraq yandırıldığını deyə bilərik. Mən düşünmürəm ki, bu gün Fransayla Azərbaycan arasındakı körpülər tam yanıb. Biz ümumiyyətlə hər zaman Fransa ilə normal münasibətlərin tərəfdarı olmuşuq.
Bu gün də bunun tərəfdarıyıq. Ona görə də Fransayla münasibətlərimizi düzəltmək üçün və onların gözünü açmaq üçün çalışmalıyıq. Birinci növbədə Azərbaycan – Fransa parlamentlərarası dostluq qrupu var.

Məncə bu dostluq qrupunun üzvləri olan Azərbaycan Parlamentinin deputatlarının Fransaya bir neçə dəfə səfəri zəruridir. Orada müxtəlif hökumət nümayəndələri,  Fransa Senatı və Milli Assambleyası ilə işləmək çox vacibdir. Təbii ki, biz Azərbaycanın Fransadakı səfirliyi ilə bərabər çalışıb müəyyən nəticələr əldə edə bilərik. İkincisi, Fransa Senatının və Milli Assambleyasının nümayəndlərinin davamlı olaraq Azərbaycana səfərlərini təşkil etmək çox mühümdür. Biz müxtəlif plaformalar çərçivəsində onları Azərbaycana dəvət edə bilərik. Mənə belə gəlir ki, onlar ölkəmizə gəlməkdən imtina etməyəcəklər.

Biz əlbəttə ki, Fransanı haqlı olaraq tənqid edirik. Amma məsələlər tənqid etməklə həll olunmur. Biz millət vəkilləri olaraq parlamentin mövqeyini sərgiləyirik. Ölkə Prezidenti bu barədə öz mövqeyini bildirib. Lakin biz bununla belə Fransa və Azərbaycan münasibətlərinin normallaşmasına çalışırıq. Eyni zamanda Fransanın ölkəmizə qarşı qərəzli yanaşmalarının da qarşısını almaq üçün baş sındırmalıyıq.”

Bünyamin Bünyadzadə
Visiontv.az