Fransa bu gün ölkəmizi hədəfə alıb
Fransa bu gün ölkəmizi hədəfə alıb
02.12.2022 MEDİA Tərəfindən

Bir sıra ölkələrdə qətliamlar törədərək milyonlarla insanın həyatına son qoymuş Fransa bu gün ölkəmizi hədəf alıb. Bu fikirləri Visiontv.az saytına açıqlama verən millət vəkili Cavid Osmanov bildirdi.

Onun fikrincə Fransa Milli Assambleyasının ölkəmizə qarşı qərəzli bir aksiya təşkil edərək bütövlükdə beynəlxalq norma və prinsiplərə zidd olaraq dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan ədalətsiz bir akt qəbul edib: "Əlbəttə ki, bundan əvvəl  də Fransa Senatı noyabr ayının 15 – də bənzər bir qətnamə qəbul etmişdi. Təbii ki, Azərbaycan cəmiyyətində Fransa qanunverici orqanlarının qəbul etdiyi qətnamələr şiddətlə qınanılır.

Heç şübhəsiz ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğalda saxladığı zamanlarda, həmçinin xalqımıza qarşı törədilən ən qanlı soyqırımları, misli görünməmiş vandalizm aktları törədərək, tarixi, dini, mədəni abidələri və bütövlükdə infrastrukturu darmadağın etdiyi bir müddətdə Fransa Ermənistana bununla bağlı hər hansısa bir təzyiq göstərmədi.

Əksinə həmin dövrdə Azərbaycan – Ermənistan münaqişəsini BMT TŞ – nın məlum qətnamələrinin yerinə yetirilməsi istiqamətində ikili standartlar nümayiş etdirərək Ermənistan maraqlarına uyğun siyasət yürüdürdü. Fransanın qanunvericilik, o cümlədən hakimiyyət orqanının sülh gündəliyinin həyata keçməsinə bu addımlarıyla zərbə vurur. Bölgədə revanşist və aqressiv separatçı qüvvələri daha da həvəsləndirir. Nəticədə regionu yeni təhlükələrə istiqamətləndirir. 
Müharibə cinayətləri törətmiş bir ölkə olaraq Fransanın ölkəmizi ittiham etməsi çox ciddi təəssüf doğurur. Bir sıra ölkələrdə qətliamlar törədərək milyonlarla insanın həyatına son qoymuş Fransa bu gün ölkəmizi hədəf alıb. Bununla da öz ermənipərəsət mövqeyini nümayiş etdirir. Beləliklə də revanşist qüvvələrə bölgədə yeni təhdidlər yaratmaq üçün əlavə stimul yaradır. Fransanın qəbul etdiyi bu qətnamələr kağız parçasından başqa bir şey deyil. Artıq Azərbaycan qalib bir ölkədir.

Cənubi Qafqazda lider dövlətdir. Düşünürəm ki, Fransa Azərbaycana qarşı əsassız ittihamlar etməkdən əl çəkməlidir. Yaxşı olardı ki, Fransa öz ölkəsindəki tüğyan edən islamafobiya, irqçiliklə bağlı problemləri həll etsin. Belə əsassız ittihamlarla Azərbaycanı öz haqlı yolundan heç bir qüvvə heç vaxt çəkindirə bilməz.”

Bünyamin Bünyadzadə

Visiontv.az