"Faktlar vəkilin nəzəriyyəsini təsdiq etmədiyi təqdirdə onlardan vaz keçmək lazımdır..." - Müsahibə
"Faktlar vəkilin nəzəriyyəsini təsdiq etmədiyi təqdirdə onlardan vaz keçmək lazımdır..." - Müsahibə
28.11.2022 MEDİA Tərəfindən

Hüquq çox dinamik bir sahədir və daima yenilənir. Bununla yanaşı, özümüzü təkmilləşdirmək də məqsəd olmalıdır.Vəkillikdə peşəkar olmazsansa hüququ və qanunları doğru istifadə edə bilməzsən. Vəkil sadəcə hakim qarşısında deyil hüququ hər yerdə müdafiə edir. 

Saytımızın budəfəki müsahibi, Türkiyə və Azərbaycanın Vəkillər Kollegiyalarının üzvü, Pakistanın İslamabad Vəkillər Kollegiyasının Fəxri üzvü vəkil Aygün Əliyevadır.

Aygün xanım! Lütfən oxucularımız üçün öz barənizdə qısa da olsa danışasınız!

Öncəliklə müsahibədə iştirakımı təmin etdiyiniz üçün sizlərə təşəkkür edirəm. Mən Aygün Əliyeva, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının Üzvü, İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvü və Beynəlxalq Hüquq Komissiyasının sədri,İslamabad Vəkillər Kollegiyasının Fəxri üzvü, Türkiyədə Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, Azərbaycan-Türkiyə Hüquq Platformasının həmsədri, Türkiyədə qurulan və 30 -a yaxın ölkədə iş ortağı olan “Era 360 Business Consultancy” firmasının həmtəsisçisiyəm. Hüquq üzrə bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində, diplomumun tanınması (nostrifikasiya) prosesini Ankara Hacı Bayram Vəli Hüquq fakültəsində tamamlamışam. Hazırda Azərbaycan Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun dissertantıyam.

Bir hüquqşünas olacağınıza söz verərkən təbii ki, bu sahənin qadınlar üçün daha çətin olacağını da bilirdiniz. İllərdir ki, bu sahədəsiniz. Sizcə bir qadın üçün əsas çətinliklər nədir bu sahədə?

Hüquq bugünkü cəmiyyətlərin ən əsas təməl daşlarından biridir. Bugün qanunsuz dünya və hüquqsuz cəmiyyət düşünmək mümkün deyil. Hüquq bütün müasir cəmiyyətləri saxlayan, formalaşdıran və tənzimləyən dinamikanın ən mühümü kimi qəbul edilir.Qadınların ictimai həyatta yer tutmaları nə qədər çətin idisə və nə qədər çox vaxt apardısa, buna paralel olaraq qadınların hüquq sistemində də yer alması çətin olmuşdur. Bununla belə, cəmiyyət kişi və qadın arasında güc balansını qorumağın yeganə yolunun qanun olduğunun fərqindədir. Qanunların müdafiəçisi olan vəkillik ta keçmişdən bugünümüzə kimi seçilən nüfuzlu peşə olub.Hüquqşünas qadınların ən çox olduğu peşə 41% qadın nisbəti ilə vəkillikdir. Lakin bu sahəyə qadınların gəlişi XIX əsrdən başlayıb. Arabella Mansfild 1869-cu ildə ilk qadın hüquqşünas kimi tarixə düşənlərdəndir.Sürəyya Ağaoğlu ömrü boyu qadın hüquqları uğrunda mübarizə aparan və nəhayət ilklərə imzan atan qadın olmağı bacaran həmyerlimiz, Türkiyənin ilk qadın vəkilidir. 7 yaşında olarkən dostları və ailə böyükləri ondan nəçi olmaq istədiyini soruşduqda "vəkil" cavabını verəndə ailə üzvləri və dostları ona gülmüşdülər. Böyüdükdən sonra hələ də arzusunu davam etdirdiyini görən ailə böyükləri qadınlara uyğun peşə seçməyi tövsiyə etmişlər. Ağaoğlu bütün məsləhətlərə baxmayaraq, 1921-ci ildə orta məktəbi bitirdikdən sonra hüquq təhsili almaq üçün mübarizəyə başladı və nəhayət hüquq fakultəsinin ilk qadın tələbələrindən olub. Sürəyya xanım bir çox yenilik gətirib. İstanbul Vəkillər Kollegiyasını Beynəlxalq Vəkillər Kollegiyasına üzv edib və ilk qadın idarə heyətinin sədri olub. Bir çox hüquq qeyri hökumət təşkilatlarının sədri olub. Sürəyya Ağaoğlu, Arabella Mansfild, kimi cəsur qadınların qətiyyətli addımları sayəsində bu gün hər iki cinsin nümayəndələri yaşam meydanında bərabər haqlara sahibdirlər.

 

"Həm vəkil, həm də mediator olsamda, mənim üçün işin məhkəməyə qədər həlli önəmlidi..."

 

Özüm barədə deyəbilərəm ki, ixtisasım hüquqşünaslıq daha çox “kişi məsləyi” kimi qəbul edilib. Ona görə də, ətrafımda və tədbirlərdə çox zaman tək qadın mən oluram. Gənc və xanım vəkil olmaq heç də asan deyildi. Bu ikisini görəndə, ilk baxışda zəif məxluq kimi yanaşanlar da olur. Ancaq ünsiyyətdən sonra qısa müddətdə o fikirlər dəyişir.

Fəaliyyətinizdən məlumdur ki, Azərbaycanda iş fəaliyyətinizlə paralel olaraq Türkiyədə də işləyirsiniz. Türkiyədə fəaliyyətə necə başladınız? Necə oldu ki, Türkiyədə işləməyə qərar verdiniz? Başlıca səbəb nə oldu?

Atam Bakı Dövlət Universitetinin professoru idi. 1993-cü ildə Ankara Universitetine professor olaraq dəvət aldıqdan sonra Türkiyəyə köçdük. Atam və Anam Ankara Universitetində işləyirdi, Mən də orta məktəbi Türkiyənin Ankara şəhərində bitirmişəm. Universiteti isə Azərbaycanda bitirmişəm. Hüquq təhsili almaq qərarı verəndə də, hər iki ölkənin hüquq təhsilini almağı məqsəd olaraq qarşıma qoymuşdum. Magistr təhsili başa vurub Azərbaycan Milli Elmlər Akademiyasında doktotanturaya qəbul oldum. Dissertant olandan sonra isə beynəlxalq konfranslarda iştirak etməyə başladım. 2011-ci ildə İstanbulda Beynəlxalq KonstitusiyaQurultayında iştirak etdim. Həmin vaxt o qurultayda Azərbaycanı təmsil edən yalnız mən idim. Ardınca davamlı olaraq İstanbulda keçirilən beynəlxalq konfranslarda iştirak etdim.2016-cı ildə Türkiyənən və Azərbaycanın qabaqcıl hüquqşünaslarıyla ölkələrimiz arasında qarşılıqlı ziyarət proqramlarının ardından Azərbaycanda Azərbaycan-Türkiyə Hüquq Platformasını qurduq. Daha sonra Türkiyənin QHT-ləri ilə işləməyə başladım, layihələrində yer aldım. 36 ölkənin hüquqşünaslarının üzv olduğu Türkiyədəki Beynəlxalq Hüquqşünaslar Birliyi məni üzv olaraq qəbul etti. Sonra həmin təşkilatın təşkilatçılığı, Azərbaycan Vəkillər Kollegiyası, Azərbaycan Hüquqşenaslar Konfederasiyası, Türkiyə Ədliyyə Nazirliyi və bir neçe böyük təşkilatla birlikdə Azərbaycanda ən böyük hüquq qurultaylarından olan İkinci Avrasiya Hüquq Qurultayını keçirdik. Həmin qurultayda 26 ölkədən 350 hüquqşünas iştirak edirdi. 2018-ci ildən sonra Türkiyədə hüquq diplomumu tanıtmaq qərarına gəldim. Ankara Hacı Bayram Vəli Universitetində diplom tanıtma imtahanlarına girdim. 2 il ərzində 22 fərq imtahanını uğurla verdikdən sonra diplomumu aldım. 2020-ci ildən İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvüyəm. Orda aktiv fəaliyyətim davam edir. Həmin Kollegiyanın Beynəlxalq Hüquq Komissiyasının sədriyəm. 2018-ci ildən 2021-i il noyabr ayına kimi Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin baş katibliyini etmişəm. Hazırda Türkiyədə qurulan və 30-a yaxın ölkədə iş ortağı olan “Era 360 Business Consultancy” firmasının həmtəsisçisiyəm. Mənim işlərim hər iki ölkə arasında hüquq və ticari əlaqələrin güclənməsi ilə bağlı olub. Bundan sonra da bütün gücümü türk dunyasının bütün sahələrdə, ugurlu inkişafına dəstək olmağa sərf edəcəyəm.

Bu sahənin mütəxəssisi kimi təbii ki, Türkiyə və Azərbaycan qanunvericiliyini yetərincə bilirsiniz. Hüquqla bağlı Türkiyə və Azərbaycan qanunvericiliyində prinsip – etibarilə nə kimi fərqlər və oxşarlıqlar var?

Dissertasiya mövzum olan Əmək hüququ sahəsindən yola çıxaraq deyə bilərəm ki, Azərbaycan Əmək Qanunvericiliyi ilə Türkiyə Əmək Qanununvericiliyi müqayisə etməzdən əvvəl hər iki ölkənin vəziyyətini araşdırsaq görərik ki, bir tərəfdə 100 illik tarixində mühüm addımlar atan, varlığını və qüdrətini dünyada qəbul etdirən respublika, digəri isə 31 illik müstəqilliyi dövründə inkişaf etməkdə olan respublikadır. Azərbaycan Respublikasının müstəqilliyi ona imkan verdi ki, Qanunlar Sistemində yeniliklər, dəyişikliklər etsin və bu istiqamətdə müsbət nəticələr əldə etsin. Qanunvericiliklər arasında oxşar cəhət Azərbaycanda da Türkiyə Əmək Qanunvericiliyində də Əmək müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Fərqlərə baxdıqda, Türkiyə Əmək Qanununvericiliyinin tətbiq dairəsi daha dardır, Azərbaycan Əmək Qanununvericiliyinin tətbiq dairəsi daha genişdir.

Türkiyə Əmək qanunvericiliyinə əsasən; “On beş yaşına çatmamış uşaqları işə götürmək qadağandır. Lakin on dörd yaşı tamam olan və ibtidai təhsili başa vurmuş uşaqlar onların fiziki, əqli və əxlaqi inkişafına, təhsilini davam etdirənlərin məktəbə davamiyyətinə mane olmayacaq yüngül işlərdə işlədilə bilərlər”.

"Haqq ədalətdən, ədalət mərhəmətdən yüksəkdir..."

 

Azərbaycan Əmək qanunvericiliyinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır. Həmin yaşdan 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz. Türkiyədə iş vaxtı həftədə 45 saat müəyyən olunub.

Bu vaxt ərzində Türkiyədəki fəaliyyətinizdən, uğurlarınızdan danışmağınızı istərdik. Türkiyədə qurduğunuz şirkət barədə məlumat verərdiniz. Bu şirkətin ölkəmizlə əlaqələri necədir?

Həmtəsisçisi olduğum Era360, Mərkəzi İstanbulda yerləşən, 30’a yaxın ölkədə partnyorları olan hüquq və konsaltinq firmasıdır. Milli və beynəlxalq şirkətlər, təşkilatlar və şəxslər üçün Ticarət hüququ, Bank hüququ, Əmək Hüququ, İcra və İflas Hüququ, Ailə Hüququ, İnzibati Hüquq, Enerji Hüququ və s. hüquq sahələri üzrə vəkillik, beynəlxalq səviyyədə sürətli və şəffaf hüquqi dəstək, ictimaiyyətlə əlaqələr və idarəetmə məsləhətləri, korporativ, strateji və maliyyə məsləhətləri xidmətləri göstərir. Müasir iqtisadi rəqabət mühitində "nə istehsal edirsən" və "kimə satarsan" kimi "necə idarə edirsən" məsələsi əhəmiyyət kəsb edir. Biznesinizi, resurslarınızı, müştərinizi və hətta rəqiblərinizi "idarə etmək" bacarığınız da bazarda gələcəyinizi müəyyən edir. Bu səbəbdən biz ekspert komandamızla birlikdə idarəetmə, təşkilatçılıq, icra üsulları ilə bağlı problemlərin diaqnostikası və araşdırılması, müvafiq fəaliyyətlərin tövsiyə edilməsi və bu tövsiyələrin yerinə yetirilməsinə köməklik göstərilməsi sahəsində xidmətlər göstəririk. İnvestisiya məsləhətçisi olaraq şirkətimiz ölkə daxilində və xaricdə sərmayə qoymağı düşünən bütün yerli və xarici investorlara maraq dairəsində olan investisiya imkanlarının tədqiqi və hesabatının təqdim edilməsi xidmətlərini təqdim edirik. Bu xidmət çərçivəsində dövlətlər tərəfindən sözügedən investisiya sahəsi ilə əlaqədar daxildə və xaricdə təmin edilən təşviq və imkanlar; Sektor, məhsul və regional məlumatların müqayisəli təhlili və bu təhlilə uyğun olaraq hazırlayacağımız tövsiyələrin hərtərəfli hesabatını hazırlayırıq və bu hesabata uyğun olaraq investisiya layihəsini hazırlayırıq. İnvestisiya və Biznesin İnkişafı ölkədə və xaricdə sərmayə qoymağı düşünən bütün investorlara maraq göstərən sahələrdə mövcud investisiya imkanları üçün araşdırma və hesabat xidmətləri təqdim edir. Fiziki və hüquqi şəxslər üçün qabaqlayıcı tədbir olaraqHüquq Məsləhətçiliyi almaqla, ticarət və şəxsi həyatınızda qarşılaşa biləcəyiniz bütün hüquqi problem və hüquq pozuntuları risklərini aradan qaldıra, qanuni gücünüz sayəsində iş həyatında rəqiblərinizi geridə qoya bilərsiniz.Sahibkarlığa yeni başlayan, Mövcud biznesini inkişaf etdirmək istəyən iş adamlarının, layihə ideyası olan və öz biznesini qurmaq istəyən sahibkarların biznes qurmaq, biznes və biznesin inkişafı baxımından ehtiyac duyduğu məsləhət və təlim xidmətlərini veririk. Şirkətin qurulması, nizamnaməsinin hazırlanmasından, qurumlarla əlaqələrin qurulmasına, təqdim ediləcək hər cür sənədlərin tam təmin edilməsi, dövlət tərəfindən təklif edilən dəstək və təşviqlərə qədər bütün prosesdə hərtərəfli məsləhət xidmətləri göstəririk. Digər tərəfdən, iş həyatına yeni başlayan yeni sahibkarlıq müəssisələrinin bazar payını və səmərəliliyini artırmasını, rəqabət qabiliyyətini maksimuma çatdırmasını və digər tərəfdən də fəaliyyətlərini planlı şəkildə həyata keçirməsini təmin edirik. Şirkətin məqsədlərini təyin etməklə müəssisənin davamlılığını və bazar dəyərini artırmağa yardım edirik. 

Ümumiyyətlə dünya praktikasında hüquq elmi, vəkillik fəaliyyəti ilə bağlı nələri Azərbaycanda da görmək istərdiniz? Peşəkar hüquq mütəxəssisi olaraq bu istiqamətdə təklifləriniz nədən ibarətdir?

Bu gün şirkətlər müxtəlif hüquqi problemlərlə üzləşirlər. Əgər bu problemlərə vaxtında müdaxilə edilməsə, gələcəkdə daha da artacaq, maddi və mənəvi ziyana səbəb olacaq.Yaşanan problemləri hüquqi yollarla həll etmək mümkündür, ancaq tərəflərin marağı tez və mübahisələrdə alternativ həll yolları tapmaqdır. Hüquqi vasitələrə müraciət etmək həm əlavə xərclərə , həm də əlavə müddətə səbəb olur.Bu səbəbdən gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün tədbirlər görmək lazım olduğundan burada qabaqlayıcı hüquq işə düşür.Profilaktik hüquq uğuru təmin edən əsas amillərdən biridir. Kommersiya şirkətlərinin fəaliyyətləri baxımından şirkətlərin quruluş mərhələsindən müqavilə proseslərinə qədər bütün əməliyyatlarının hüquqi yoxlamadan keçməsi son dərəcə vacibdir.Bir sözlə, bildirişi alaraq hüquqi xidmət almaqdansa, əvvəldən hüquqi məsləhət almaqla bu problemin yaranmasının qarşısını almaq, daha doğru addım olardı.

Gələcəkdə Türkiyədən başqa digər ölkələrdə də fəaliyyət barədə düşünürsünüzmü?

Avropa Şurasının Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa İnsan Hüquqları Konvensiyasına giriş - “Help kursu” və “Qadınların ədalət mühakiməsinə çıxış help kursları “- nı müvəffəqiyyətlə bitirdim. Məqsədim Avropa ölkələri ilə də hüquq sahəsində əməkdaşlığı artırmaqdır.

 Aldığımız məlumata görə bu günlərdə Pakistanda kollegiya üzvlüyünüz reallaşmalıdır. Bu barədə nə deyə bilərsiniz?

Bu ilin martın 15-də İslamabad Vəkillər Kollegiyaaının dəvəti ilə Pakistanın paytaxtı İslamabada rəsmi səfərim olmuşdur. İslamabad Ali Məhkəməsinin Vəkillər Kollegiyasının ilk Azərbaycanlı fəxri üzvü seçildim. “Sertifikat mənə Pakistanın paytaxtı İslamabadda Ali Məhkəmənin Vəkillər Kollegiyasının mərkəzi ofisində keçirilən təqdimetmə mərasimində kollegiyanın yeni seçilmiş prezidenti Şoaib Şahen tərəfindən təqdim edildi. Tədbirdə, həmçinin Pakistanın yüksək səviyyəli hüquqşünasları iştirak edirdilər. Sonra isə Pakistanın federal hüquq və ədliyyə naziri Faroq Nasemin dəvəti ilə nazirlə görüşüm oldu. Təbriklərini çatdırdı. Bir vəkil və azərbaycanlı olaraq fəxri ada layiq görüldüyüm üçün özümü xoşbəxt hiss edirəm. Hesab edirəm ki, bu ada layiq görülməyim uzun müddətdir Azərbaycan, Türkiyə və Pakistan arasında hüquq sahəsində apardığım beynəlxalq fəaliyyətlərin nəticəsidir.

Sonda gələcəkdə vəkil olmaq istəyən gənclərə nə kimi deyəcəkləriniz var ?

Vəkil olmaq istəyən gənclər öz üzərlərində daima işləməli və təcrübə qazanmalıdırlar. Yenilikçi olmalıdırlar. Müasir dövrün tələblərinə ayaq uydurmalıdırlar. Vəkillikdə tanınmışlıq iş gətirmir, yaxşı iş tanınmışlıq gətirir. İnsan əvvəlcə reputasiya, sonra iş, hörmət və nəhayət pul qazanır. Yeni vəkil olanlara tövsiyyəm yaxşı və düzgün iş görüb ad qazanmaq və qazandıqları reputasiyanı qorumaqdır. Mənfəət isə öz-özünə gələcəkdir.

 Bünyamin Bünyadzadə

 Visiontv.az