Ermənistana ayrılan 2,6 milyard dollarlıq yardım: Avropa İttifaqının Cənubi Qafqaza daxil olması üçün verilmiş “rüşvət”
22.03.2023

Məlumdur ki, Azərbaycan tərəfinin razılığı və Avropa İttifaqının qərarı əsasında bölgədə Aİ-nin birinci və qısamüddətli missiyasının fəaliyyəti həyata keçirilib. Azərbaycanın isə razılığında əsas faktor kimi həmin missiyanın delimitasiya və demarkasiya prosesində faydalı ola biləcəyi dayanırdı.

Lakin Aİ-nin ötən il dekabrın 19-da yekunlaşmış qısamüddətli missiyanı təktərəfli qaydada uzunmüddətli missiyaya çevirməklə davam etdirməsinə qərar verməsi və ən əsası bunu ölkəmizlə razılaşdırmaması Azərbaycanla Aİ arasında güvən mühitini zədələdi. Azərbaycanın bu mövzuda mövqeyi bəlli idi və buna görə də qərar təktərəfli qaydada, ölkəmizin iştirakı olmadan verildi. Çünki Azərbaycan Ermənistanın təxribatlar vasitəsilə sərhəddə vəziyyəti gərginləşdirməsi, bundan istifadə edərək regiona kənar qüvvələrin mülki missiya adı altında daxil olması təşəbbüslərini faydalı hesab etmədiyi haqqında qəti fikir bildirmişdi.

Birinci missiyanın gəlməsi zamanı ehtimal kimi səsləndirilən məqamlar ikinci missiyanın başladılması ilə təsdiqini tapdı və aydın oldu ki, Avropa İttifaqı Ermənistanın təxribatlarını regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət kimi qiymətləndirir.

Bu fikirləri Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva AZƏRTAC-a açıqlamasında söyləyib.

Politoloq bildirib ki, bu xüsusda da 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Ermənistana guya “müharibə nəticəsində dağılmış infrastrukturların” bərpası üçün 2,6 milyard dollar yardım ayırması təşəbbüsünü yada salmaq yerinə düşür. Həmin təşəbbüsün məramı isə tam aydınlaşır: "Göstərilən maliyyə yardımını Avropa İttifaqının Cənubi Qafqazda güclər balansına daxil olması üçün verilmiş “rüşvət” kimi dəyərləndirməliyik. Burada da Avropa İttifaqını beynəlxalq hüququn aliliyinin müdafiəçisi qismində deyil, ermənilərin müdafiəçisi qismində çıxış etməsi diqqət çəkir. Onu da qeyd edim ki, Ermənistanın daxili qanunvericiliyində Avropa İttifaqının ölkədə nə hərbi, nə də mülki missiyasının yerləşməsi üçün hüquqi bazanın mövcud olmamasına baxmayaraq, yarım hərbi missiya artıq fəaliyyət göstərir. Hazırda Avropa İttifaqının Ermənistandakı yarım hərbi missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir ki, bu, özü qanunvericiliyin pozulması faktıdır. Hətta erməni müxalifəti həmin missiyanın Ermənistan hakimiyyəti və Nikol Paşinyanın şəxsən özünün müdafiəsi üçün konstitusiyaya zidd olaraq yerləşdirilməsi kimi şərh edir. Lakin son günlər istər erməni mediasında, istərsə də hökumətə və müdafiə nazirliyinə yaxın ekspert dairələrində Aİ missiyanın fəaliyyətini tənzimləyən sazişin müzakirə edilməsi və hökumət və Aİ arasında müvafiq müqavilənin imzalanmasına dair razılaşmanın mövcudluğu haqqında geniş məlumatlar paylaşılır.

Həmin məlumatlar sazişin Avropa İttifaqı ilə Ermənistan arasında hərbi müqavilə olacağı, bunun yalnız mülki missiyanı deyil, həm də genişləndirilmiş missiya – hərbi bazanın hüquqi əsaslarını özündə ehtiva edəcəyi haqqında anons kimi qəbul edilir. Çünki həmin sənədin imzalanması bölgədə dövri olaraq hərbiləşdirilmiş missiyanın yerləşdirilməsi üçün hüquqi baza formalaşdırır.

Bu məqamda Nikol Paşınyanın Avropa İttifaqı rəsmiləri və Almaniya kansleri ilə görüşü zamanı eyhamları onu deməyə əsas verir ki, Ermənistanla Aİ arasında hərbi müttəfiqlik haqqında hansısa təşəbbüslər mövcuddur".

Y.Hacıyevanın sözlərinə görə, ikinci missiyanın gəlməsindən sonra Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatlarının artırması ilə yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi təxribatlar intensiv xarakter alıb. Həmin faktın özü Avropa İttifaqının Ermənistanın təxribatlarında rol almaqla Cənubi Qafqazda genişlənməyi qarşısına məqsəd qoyduğunu aydın nümayiş etdirir. Avropa diplomatiyasının rəhbəri Josep Borrellin ikinci missiyanın anons edilməsi çıxışında açıq şəkildə missiyanı “Aİ-nin Cənubi Qafqazdakı vəziyyətə cəlb edilməsində yeni mərhələ” adlandırması buna sübutdur.

Ötən ilin sentyabrında Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatlar törədərək sərhəddə münaqişə zonası varmış kimi görüntü yaratması Avropa İttifaqının bölgəyə öncə mülki, daha sonra yarım hərbi missiyasının gəlməsi ilə nəticələndi. Hazırda Ermənistan-Azərbaycan sərhədindəki yeni təxribatlar isə Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğu üçün yeni şərtlər formalaşdırmaqla genişlənməsi məqsədi daşıyır.

Hərbi təxribatların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən intensiv xarakter alması isə Avropa İttifaqının Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərə də gəlməsi üçün əsaslar formalaşdırmaq cəhdləridir.

"Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlara göz yummaqla həm də separatçıları belə əməlləri davam etdirməyə həvəsləndirir. Rusiyanın səssizliyi və onların müşayiəti ilə müvəqqəti yerləşdikləri ərazilərdə separatçıların silah daşıması və s. kimi faktları onların özlərinin də bölgədə mövcudluğunu davam etdirməsi üçün əsaslar yaratmaq kimi qiymətləndirmək olar. Belə ki, ikinci Aİ missiyanın mandatı iki illikdir. Həmin müddətin sonu həm də Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşmə müddətinin bitməsi ilə üst-üstə düşür. Aydın məsələdir ki, 2025-ci ildə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində saxlanması və ya çıxarılması məsələsinin həll olunacağı bir vaxtda Aİ missiyası öz fəaliyyətini dayandırmayacaq. Buradan belə nəticəyə gəlmək olar ki, iki ilin sonunda Rusiya Azərbaycanı bölgədə “ermənipərəst Avropa İttifaqı hərbiləşdirilmiş missiyası” kartı ilə sülhməramlıların müvəqqəti yerləşmə müddətinin daha da artırması faktı ilə üz-üzə qoymaq məqsədini güdür", - deyə politoloq fikirlərinə yekun vurub.

visiontv.az