Ermənistan parlamentində ən azı hər on nəfərdən biri azərbaycanlı olacaq
Ermənistan parlamentində ən azı hər on nəfərdən biri azərbaycanlı olacaq
05.03.2023 Sahib Alıyev Tərəfindən

Paşinyan Makronun təşkil etdiyi Almaniya səfərində necə tolerant bir xalq olduqlarını qabartmaq üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmadığı halda parlamentlərində etnik azlıqlara 4 mandat ayrıldığını bildirdi.

Ancaq yenə də qaş qayırdığı yerdə vurub göz çıxardı. Birincisi, ona görə ki, bizim parlamentdə milli  azlıqların təmsilçiləri Ermənistandakından dəfələrlə çoxdur. Və belə bir reallıq heç də oradakı kimi gözə kül üfrümək məqəsdilə onlara ayrıca mandat ayrılması nəticəsində yaranmayıb. Bu, Azərbaycanda tolerantlığın təkcə dövlət siyasəti deyil, həm də həyat tərzinə çevrilməsi, etnik və dini kimliyə fərq qoyulmaması səbəbindən meydana çıxan,  yetkin, artıq millət kimi formalaşmış cəmiyyətlərə xas konfiqurasiyadır.

Ermənistanda belə bir reallıq olmayib, yoxdur və uzun müddət də gözlənilmir. Ancaq azərbaycanlıların oradakı yurd yerlərinə dönüşləri bu baxımdan da Ermənistan Konstitusiyasının mütləq dəyişməsini tələb edir.  Özü də burada söhbət  etnik azlıqlar üçün nəzərdə tutulan mandat sayının artırılmasından getmir. Paşinyan etnik azlıqlardan hərəsinə parlamentlərində bir mandat ayrılmasını böyük humanistlik kimi təqdim edə bilər, əslində isə bu, sivillikdən, demokratik seçki prinsipindən və ədalətlikdən tam uzaq haldır.  Çünki Ermənistanda yezidilərin sayı aysorulardan 13 dəfə çox olduğu halda parlamentdə hər ikisi  ancaq bir deputatla təmsil edilir. 

Məncə, həm də  Böyük Britaniyanın Qafqazda rolunun artması  səbəbindən ötəri makronlayan, sonra səhvi düzəldilən Almaniya kansleri Olaf Şolts Qarabağdakı haylardan dəm vurmamışdan öncə Paşinyana deməli idi ki, Qərbi azərbaycanlılar öz yurdlarına dönməmişdən etnik azlıqlara bir mandat ayrılması kimi gözə kül üfrülməsinə xidmət edən qanuları dəyişdirilməlidir.  Əksər ölkələrin, o sıradan da Azərbaycanın qanunvericiliyində nəzərdə tutulan sayaq seçkilər keçirilsə və keçiriliməlidir də, onda  qayıdışdan sonra Ermənistan parlamentində ən azı hər on nəfərdən biri azərbaycanlı olacaq.  O da hələ ilk dövrlərdə. Sonrasını isə zaman göstərəcək.

Millət vəkili Sahib Alıyev

Visiontv.az