Ermənilərin “Sülh çağırışı”: Azərbaycanı təcavüzdə günahlandıranlar arasında həmyerlilərimiz də var
Ermənilərin “Sülh çağırışı”: Azərbaycanı təcavüzdə günahlandıranlar arasında həmyerlilərimiz də var
01.10.2022 Sahib Alıyev Tərəfindən

Bir neçə ölkədən olan ermənipərəst şəxslər sülh çağırışı adı altında Azərbaycanı Ermənistana hücum etməkdə, zorakılıqda günahlandırıb. Çağırışa imza atanlar arasında azərbaycanlılar da var. Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev APA-ya açıqlamasında deyib ki, həmən adamlar formaca azərbaycanlılardır, məzmunca yox.

Sahib Alıyev bildirib ki, birinci dəfə deyil ki, onlar Azərbaycanın əleyhinə yönələn belə bir aksiyada yer alırlar: “İkinci Qarabağ savaşı zamanı onlar Ermənistan Baş nazirinin Şuşada bizə meydan oxuyub, sonra da sülh göyərçini kimi çıxış edən xanımının da çağırışına qoşularaq səsinə səs vermişdi. Sonra Paşinyanın xanımı həmən Anna Hakopyan əlində avtomat cəbhəyə Azərbaycan əsgərlərinə qarşı vuruşmağa getdi. Bəs onun manipulyasiya xarakterli sülh təklifinə qoşularaq savaşın əleyhinə olduqlarını bildirənlər nə etdilər? Susdular”. Sahib Alıyev deyib ki, həmin şəxslərin əksəriyyəti millətin bəzi üz qaralarının yığışdığı Milli Şura deyilən qurumdakılar, yaxud onlara bağlı gənclər idi. 30 ildən artıq torpaqları işğal altında olan, indi bu işğalı tam aradan qaldırmağa, öz torpaqları üzərində suverenliyini tam təmin etməyə çalışan Azərbaycanı “sülh çağırışı” adı altında təcavüzdə günahlandıran da həmin adamlardırlar: “Bu haqda tapşırıq isə onlara “Azərbaycan savaş yolu ilə öz torpaqlarını azad edə bilməz” deyərək status-kvonun əbədi qalmasına çalışan böyük güclərdən gəlib. Bu dırnaqarası azərbaycanlılar onların tapşırığını yerinə yetirirlər. Bəlli çevrələrin, bəzi böyük dövlətlərin Azərbaycanın Zəfərini hələ həzm edə bilməmələri sadəcə, əgər söhbət qərbdən gedirsə, oradakı hay diasporlarının fəaliyyəti ilə bağlı deyil. Mən dünən Milli Məclisdəki çıxışımda da qeyd etdim. İkinci Qarabağ savaşında Azərbaycan ədalətsizlik və ancaq bir neçə seçilmiş dövlətin maraqlarının təmini üzərində qurulan beynəlxalq konyuktruranın ən azından Qafqazda stereotiplərini sındırdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bütün riskləri göz önünə alaraq bu savaşda arxasında ondan geosiyasi alət kimi faydalanan böyük güclərin durduğu işğalçıya qarşı ölüm-dirim savaşı aparmaqla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, dünyanın beşdən böyük olduğunu əməldə təsdiqlədi bu savaşda. Bu savaşda təkcə hayların istehkamları, özləri, orduları və diasporları haqda mif darmadağın edilmədi. Həm də onları ən çağdaş izləmə sistemindən tutmuş S-300 və “İsgəndər M” zenit-raket kompleksinədək hər şeylə təmin edən böyük güclərin sözündən çıxmağın, iradələrindən kənar hərəkətin mümkünsüzlüyü haqda daşlaşmış ehkamlar çökdü. Bax, budur bəzi çevrələrin bizim qələbəni həzm etmək istəməmələrinin əsl səbəbi. Məhz buna görə adlarını "azərbaycanlı" qoyan troll sürüləri sosial şəbəkədə ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıq və yüksək peşəkarlığı gözdən salmağa cəhd edir, öz torpaqları üzərində tam suverenliyini təmininə çalışan Azərbaycanı olmayan təcavüzdə suçlandırırlar. Ancaq onların ikinci Qarabağ savaşı öncəsi və döyüşlər gedərkən xaincəsinə davranışları heç bir nəticə vermədiyi kimi, indən sonra da verməyəcək. Xainlikləri, şərəfsizlikləri isə heç vaxt unudulmayacaq və unudulmamalıdır!”.