Ermənilərin qarşısı alınmasa, lokal xarakterli qarşıdurmalar mümkündür
Ermənilərin qarşısı alınmasa, lokal xarakterli qarşıdurmalar mümkündür
12.08.2021 Nəsib Məhəməliyev Tərəfindən

Rusiya Sülhməramlılarının Qarabağa yerləşməsindən sonra Azərbaycan tərəfi ilk dəfədir ki, rəsmi olaraq onların fəailiyyətinin yumşaq desək qənaətbəxş olmadığı barədə fikir bildirdi.

Belə ki, Ermənistandan rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə hərbiçilərin göndərilməsi, bu ərazilərdə postların qurulması nəhayət ki, rəsmi Bakının səbr kasasını doldurdu. Baş verənlərə etirazını bildirən Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, Ermənistan bu cür addımlar atmaqla 10 noyabr bəyannaməsinin öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. O cümlədə rus sülhməranlıları isə öz işinin öhdəsindən gələ bilmir.
Bu həftə rəsmi Bakının etiraz etdiyi digər bir məsələ isə İranın yük maşınlarının Azərbaycanın icazəsi olmadan Qarabağa səfərləri ilə bağlı oldu.

Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirini nazirliyə çağıraraq etiraz notası təqdim etdi.

Qeyd etdiyimiz məsələlərlə bağlı əməkdaşımız Milli Məclisin deputatı Nəsib Məhəməliyevdən müsahibə götürüb.

- Ermənistana məxsus silahlı birləşmələrin Qarabağa daşınması və yeni postların qurulması növbəti savaşın başlanmasına səbəb ola bilərmi?

- Erməni silahlı birləşmələrinin Qarabağa daşınması və əlavə postların yaradılması yeni təhlükəli proseslərdən xəbər verir. Qarşısı alınmasa, lokal xarakterli qarşıdurmalar mümkündür. Erməni ordusunun Azərbaycan Ordusu ilə baş-başa müharibə aparmaq qabiliyyəti sıfra bərabərdir. Ancaq regionda geosiyasi maraqlarını qoruyub saxlamaq istəyən və regiona can atan üçüncü qüvvələri nəzərdən qaçırmaq olmaz. Əsas təhlükə onlardan gəlir.

- Rusiyanın bölgədə vəziyyəti bu dərəcədə gərginləşdirməkdə məqsədi nədir?

- Azərbaycan müdafiə nazirliyinin Rusiya sülhməramlılarına etdiyi xəbərdarlıq vaxtında atılmış doğru addımdır. Çünki, 10 noyabr razılaşmasının bütün bəndlərinin icrasına məsul tərəf Rusiyalı sülhməramlılardır. Rusiya ermənilərin sürüşkən xalq olduğunu yaxşı bilir və anlayır ki, Ermənistan hökuməti qərbyönümlü siyasətini davam etdirəcəkdir. Gec-tez Rusiyanın təsir dairəsindən çıxacaqdır. Ona görə də, yaranmış vəziyyətdən istifadə etməklə, Qarabağda möhkəmlənmək istəyir. Şimal qonşumuzun Cənubi Qafqazda varlığını qoruyub saxlamasını şərtləndirən əsas amil Qarabağda gərginliyin saxlanmasıdır. Təbii, rəsmi Bakı və Ankara arasında bağlanmış tarixi “Şuşa Bəyannaməsinin” yaratdığı qısqanclıq hissini də xatırlamaq yerinə düşər. Məqsəd tarixən mövcud olmuş geosiyasi konfiqurasiyanı saxlamaqdır.

- Azərbaycan tərəfi erməni silahlı birləşmələrinə qarşı hər hansı bir adekvat addım atmalıdırmı?

- Ermənistana sərt formada xəbərdarlıq olunmalıdır ki, üçtərəfli razılaşma tam şəkildə icra olunmalı, silahlılar bölgədən çıxarılmalıdır. Bundan sonra silahların daşınmasına dözməyəcəyik. Konkret olaraq, Laçın dəhlizini nəzarətə götürə, 5 km-lik təhlükəsizlik zonasını ləğv edə bilərik. Zəngəzur dəhlizinin açılması və Naxçıvanla birbaşa əlaqənin yaradılması, Laçın koridoruna adekvat olmalı idi. Təəssüf ki, ermənilər və onlara havadarlıq edənlər sözlərini tutmaqda maraqlı görünmürlər.


 
İran o ölkələrdəndir ki, onun üçün dostluq, qonşuluq münasibətləri keçərli deyil
 
- İrana verilən nota öz təsirini göstərəcəkmi? Göstərməyəcəksə növbəti addım nə olmalıdır?

- İrana tam haqlı olaraq nota verildi. Müstəqillik əldə etdiyimiz andan bəri, Azərbaycan İranla münasibətlərə xüsusi önəm vermiş, heç zaman bu ölkənin əleyhinə olan layihələrdə iştirak etməmişdir. Hər zaman qonşuluq, dostluq münasibətlərinə sadiq olmasına baxmayaraq, əks tərəfdən adekvat münasibət sərgilənməmişdir. İran o ölkələrdəndir ki, onun üçün beynəlxalq hüquq normaları, ümumbəşəri dəyərlər, dostluq, qonşuluq münasibətləri keçərli deyil. Konkret bir dövlətçilik ideologiyası var və onu həyata keçirmək üçün istənilən qüvvələrlə əməkdaşlıq edir. Ermənistanla son 30 illik iqtisadi-siyasi, hərbi münasibətlərinə diqqət etmək kifayətdir ki, hər şey aydın olsun. Azərbaycana gəldikdə isə, məsələ olduqca mürəkkəb və göründüyündən daha qəlizdir. Bu ölkə üçün yalnız bir prioritet var. İslam dini adı altında yalnız öz ideyalarını təbliğ etmək və Azərbaycan cəmiyyətində milli şüurun dini şüuru üstələməsinə qətiyyən imkan verməmək. Düşünürəm ki, Azərbaycan dövlətçiliyi üçün ən böyük təhlükə budur. Biz bunun elementlərinin ölkəmizdə də dərin izlər buraxdığının zamanla şahidi olmuşuq. Acınacaqlı haldır ki, bəzi hallarda Azərbaycan xalqının düşmənlərini cəmiyyətə qəhrəman kimi sırımağa cəhd olunur. Qarabağın işğalında rolu olmuş, güneyli soydaşlarımızın etiraz mitinqlərini qəddarcasına boğmuş bir general şəhid kimi qələmə verilir. Ona görə də düşünürəm ki, İran gələcəkdə də Ermənistana dəstək siyasətini davam etdirəcəkdir. Ermənistan-Azərbaycan münasibətlərində həmişə birincinin yanında olacaqdır. Biz həmişə İranın ərazi bütövlüyünü dəstəkləmişik və gələcəkdə də dəstəkləyəcəyik. Ancaq, hesab edirəm ki, güneyli soydaşlarımızın hüquqlarının müdafiəsində yeni yanaşmaya ehtiyac duyulur. 44 günlük müharibədə Ermənistana gedən maşın karvanlarının qarşısının alınmasında onların fədakarlıqlarının şahidi olduq. Əmin olmaq istərdim ki, Azərbaycan xalqını narahat edən məsələlərə İran tərəfi sayğı ilə yanaşacaq və heç olmasa neytrallıq nümayiş etdirəcəkdir.

- Türkiyənin son hadisələrə mövqeyi niyə yoxdur. Sükutun bir səbəbi varmı?

- Bildiyiniz kimi, Türkiyə son iki həftədə ölkəni bürümüş yanğınlarla mübarizə aparır. Ölkəmiz, Prezident İlham Əliyevin tapşırığı ilə ilk günlərdən öz qardaşlıq vəzifəsini yerinə yetirir. Yanğınların söndürülməsində yaxından iştirak edir. Qarabağ zonasındakı hal-hazırki vəziyyət cənab Prezident İlham Əliyevin tam nəzarətindədir. Türkiyənin mövqeyi bəllidir, stabildir. Hər məsələ ilə bağlı münasibət bildirməsinə ehtiyac yoxdur. Lazım gələrsə, dərhal müvafiq addım atacağı şübhəsizdir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış

İlahə Əliyeva

Visiontv.az