Hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Nazir, həmçinin macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb.
Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.