Dünya şiələrinə yeni azərbaycanlı lider - Bakir əl-İrəvani
03.12.2021

İranla yaşanan gərginliklər dövründə İranın Ali Dini lideri, ayətullah Əli Xomeneinin Azərbaycandakı nüfuzu bir daha üzə çıxdı.

Məscidlərdə Xomeneiyə salavat deyib, dua oxuyan azərbaycanlı dindarların bir qismi sözügedən gərginlikdə açıq şəkildə Tehranı dəstəklədilər və öz dövlətləri əleyhinə bir sıra tənqidi fikirlər səsləndirməkdən, çağırışlar etməkdən çəkinmədilər.

O zamanlar bütün bu yaşananları təhlil edərkən Azərbaycanda yeni bir dini siyasət planının hazırlanması və milli ayətullahlar yetişdirilməsinin zəruriliyini vurğulamışdıq. Aradan iki ay keçdikdən sonra İranla Azərbaycan arasında gərginlik aradan qalxsa da, İranın Azərbaycandakı dini sosial bazasını əritmək bir milli təhlükəsizlik problemi olaraq qalmaqdadır.

Fürsət

Son günlərdə bu problemi aradan qaldırmaq üçün əlverişli fürsət yaranıb. Belə ki, hazırda beynəlxalq mətbuatın gündəmini bir azərbaycanlı ayətullah zəbt edib. Söhbət Məhəmməd Bakir əl-İrəvanidən gedir.

4 sentyabr tarixində Ayətullah Əli Sistanidən sonra İraq və dünya şiələrinin ən böyük mərceyi-təqlidlərindən (imam) biri olan Məhəmməd Səid əl-Həkimi vəfat edib. Onun vəfatından sonra İraqdaki ayətullah məclisinə yeni bir namizədin daxil olması gündəmə gəlib. Qeyd edək ki, İraqda 2003-cü ildən bəri fəaliyyət göstərən bu məclisdə ölkənin ən böyük 4 din alimi iştirak edir. Məclisin sədri isə 91 yaşlı Sistanidir. Beləliklə, Hakiminin vəfatından sonra məclis üzvlərinin sayı 3-ə enib. İraq mətbuatında yer alan xəbərlərə görə ayətullah məclisinin yeni üzvü böyük bir ehtimalla Azərbaycan əsilli ayətullah İrəvani olacaq.

Əl-İrəvani kimdir?

72 yaşı var. Nəcəf şəhərində dünyaya göz açıb. Ailəsi şəhərin ən məşhur və sayılıb-seçilən ailələrindəndir. Babaları 1827-ci ildə İrəvanın ruslar tərəfindən ələ keçirilməsindən sonra şəhəri tərk edib. Əvvəl İrana, oradansa İraqa köç edib. İrəvani İraqda doğulub, boya-başa çatsa da ailəsi və özü ana dilini unutmayıb. Belə ki, dini məclislərdə onun tez-tez Azərbaycan türkcəsində şeirlər oxuduğu bilinir.

Xomeneiyə alternativ

Hələ İrəvani mərceyi-təqlid (imam) məclisinə seçilməsə də indidən onun adı Sistanin xələfi kimi hallanır. Buna səbəb Sistaninin olduqca qocalması, İrəvanininsə ondan 20 il gənc olmasıdır. İrəvaninin yüksəlişi isə ən çox İranı, rəhbər Xomeneini narahat edir. Xomenei ara-sıra onunla kəllə-kəlləyə gələn, İranın İraqdakı nüfuzuna mənfi münasibət bəsləyən fars əsilli Sistani ilə birtəhər dil tapa bilirdi. Əslində Sistani Xomeneinin əlindən dünya şiələrinin lideri statusunu almışdı, lakin ən çətin vaxtlarda Xomenei çıxıb türkcə bir neçə cümlə deyəndə yenə reytinqini yüksəldə bilirdi. İndi onun rəqibi bir Azərbaycan türkü olacaq. Bu həm də İrandakı 30 milyona yaxın azərbaycanlının “qiblələrini” Xomeneidən İrəvaniyə çevirməsi riskini yaradır. Qısası İrəvaninin yüksəlişi gündən-günə dini legitimliyi və siyasi təsiri azalan yaşlı Xoemenei üçün sonun başlanğıcı mənasına gəlir.
 

Azərbaycan üçün yeni ümid

İrəvaninin şəxsi keyfiyyətləri və siyasi görüşləri barədə ciddi məlumat yoxdur. Lakin onun Azərbaycan türkcəsinə olan sevgisi məlumdur. Bu isə öz-özlüyündə ona qarşı bir ümid doğurur. Yaranan fürsət dini diplomatiya vasitəsilə dəyərləndirilməlidir. Əgər bu yaxınlarda İrəvani mərceyi-təqlid şurasına seçilərsə, ona ilk təbrik Bakıdan, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) gəlməlidir. QMİ sədri, Allahşükür Paşazadə də öz növbəsində lamisə zövqünü dəyişərək, Xomeneinin yox, bu dəfə İrəvaninin iyini duymaq üçün İraqa, Nəcəf şəhərinə səfərə yollanmalıdır.

İrəvanini qazanmaq Azərbaycanın haqqında bəhs etdiyimiz yeni din siyasəti baxımından strateji əhəmiyyət kəsb edir. Buna səbəb əvvəla İrəvaninin azərbaycanlı din xadimlərinin heç bir agentura şəbəkəsinə cəlb edilmədən normal dini təhsil almalarında və gələcəkdə ayətullah əl-uzma dərəcəsinə yiyələnmələrində yardımçı ola bilər. Bundan savayı İrəvaninin dini-siyasi nüfuzunun şiə dünyasında genişlənməsi azərbaycanlı dindarların diqqətini riyakar İran mollalarından ayırmaq işinə töhfə verər.

Beləliklə, İrəvani bütün keyfiyyətlərinə görə Azərbaycan üçün sözün həqiqi mənasında parlayan bir ümiddir. Xomeynilərdən, Xomeneilərdən sonra qlobal miqyasda şiələrin yeni öndərinin bir azərbaycanlı olması siyasi və iqtisadi baxımdan Azərbaycan nüfuzunun şiə-islam coğrafiyasında artmasına və daxilindəki problemləri aradan qaldırmasına səbəb ola bilər. Təbii ki, bunların reallaşması üçün doğru zamanda doğru addımlar atılmalıdır.

Nicat İsmayılov

ednews.net