Dünya məşhurlarından Türkiyəyə dəstək: Ürəyimiz sizinlədir!
07.02.2023

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş dəhşətli zəlzələ ilə bağlı dünyaca məşhur sənətçilər öz sosial media hesablarında paylaşımlar ediblər.

Visiontv.az Modern.az - a istinadən xəbər verir ki, Türkiyəyə başsağlığı verənlər arasında dünya şöhrətli aktyor Russell Crowe, Dua Lipa və Mark Eliyahu da daxil olmaqla bir çox sənətçi də var.

Oskar mükafatçısı Russel Crowe başsağlığı diləyini şəxsi tvitter hesabında paylaşıb: "Ah Türkiyə. Ürəyim. Aldığımız bu xəbər çox pisdir".

Aktyor və rejissor Antonio Banderas instaqram hesabında ​​zəlzələnin baş verdiyi bölgənin xəritəsini paylaşaraq, faciə ilə əlaqədar Türkiyə və Suriya xalqını həmrəylik hissi ilə qucaqladığını bildirib.

3 Grammy mükafatının sahibi, britaniyalı müğənni Dua Lipa da başsağlığı mesajını şəxsi instaqram hesabında paylaşıb.

"Türkiyədəki vəziyyətə görə kədər içərisindəyəm. Zəlzələdən zərər çəkənlərə sevgi və dualarımı göndərirəm",- məşhur müğənni yazıb.

Oskar mükafatlı aktyor, rejissor, prodüser və ssenarist Mark Ruffalo isə yardımla məşğul olan Əhbab dərnəyi ilə bağlı müraciət ünvanlayıb:

“Əgər kömək etmək istəyirsinizsə, bu insanlar Türkiyədə axtarış-xilasetmə işləri aparır”.

"Star Trek" serialının baş rol aktyoru Corc Takei Türkiyəyə dəstək verən məşhurlar sırasındadır: "Türkiyə və Suriyada baş verən iki güclü zəlzələ nəticəsində dağıntılar və insan tələfatı məni məhv etdi. Dünya minlərlə qurbana kömək etmək üçün əlindən gələni etməlidir".

Rusiyalı məşhur piano ifaçısı Yevgeni Qrinko qardaş ölkədəki faciə ilə bağlı instaqram hesabında yazıb: “Başınız sağ olsun.Yaralılara ən xoş arzularımı çatdırıram. Ürəyim sizinlədir".

İsrailli musiqiçi Mark Eliyahu da instaqram hesabında Türkiyə və Suriya bayraqlarını yerləşdirərək “Ürəyim sizinlədir”, deyə paylaşımında qeyd edib.

İsveçli gitara virtuozu Yngwie Malmsteen isə bildirib: "Dualarım zəlzələdən zərər çəkən Türkiyə və Suriya xalqının yanındadır”.

ABŞ-ın "Manowar" musiqi qrupununun sosial media hesablarındakı paylaşımda deyilir: “Qrup üzvləri dəhşətli zəlzələyə görə kədər içərisindədir.  Sağ qalanlara səbr, yaxınlarını itirənlərə başsağlığı diləyirik”.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

​​​​​​​