Dırnaqarası "Mədəniyyət" Mərkəzi: Daha doğrusu, Şər yuvası...
Dırnaqarası "Mədəniyyət" Mərkəzi: Daha doğrusu, Şər yuvası...
03.06.2023 Bəybala Mirzəyev Tərəfindən

Yəni ki, İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi. Bəli, bəli, bu Mərkəzi çox rahatlıqla "Şər yuvası" adlandıra bilərik. Əgər İran mediası və mollaları bizim Təbrizdəki Baş Konsulluğumuzu heç bir əsas olmadan "şər yuvası" adlandıra bilirsə, onda bizim də haqqımız var ki, İranın paytaxtımızdakı Mədəniyyət Mərkəzini eyni qayda ilə "şər yuvası" adlandıraq.

Və farslardan fərqli olaraq bizim bunun üçün kifayət qədər ciddi əsaslarımız da var. Təsadüfi deyil ki, sözügedən Mədəniyyət Mərkəzinin rəhbəri iki ölkə arasında yaşanan son gərginlik səbəbindən Azərbaycan Respublikasından qovulub.

Bu gün isə bu Mərkəz ümumiyyətlə bağlandı. 

Əslində İran "İslam" Respublikasının səfirliyinə bağlı olan bu Mədəniyyət Mərkəzinin fəaliyyəti çoxdan dayandırılmalıydı. 

Çünki indiyə qədər bu Mərkəzə rəhbərlik etmiş iki iranlının hər ikisi də əsl həqiqətdə ruhani və diplomat yox, casus olublar. Onlardan biri 2021-ci ildə Azərbaycandan qaçan "dini təbliğatçı", İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, digəri isə onun yerinə keçmiş Qurbanəli Purmərcan Varcovi idi. 

Purmərcan Varcovi burada İran mədəniyyətinin təqdimatı ilə və iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi işləriylə deyil, bilavasitə Ocaqnejadın ölkəmizdəki yarımçıq qalan işlərini davam etdirməklə məşğul olurdu. 

Yeri gəlmişkən, Ocaqnejadın ofisinin yerləşdiyi "Hüseyniyyə" məscidi əvvəllər İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, lakin qeyd olunan məkandan mədəniyyət sahəsi üçün yox, Azərbaycana qarşı dini-ideoloji, siyasi mübarizənin aparılması və gizli şəbəkənin yaradılması üçün istifadə olunub. Qurbanəli Purmərcan Varcovi də məhz bu cür anti-Azərbaycan fəaliyyətlərinə görə bu yaxınlarda İran səfirliyinin "persona-non-grata" elan edilən 4 diplomatının sırasında yer alıb və ölkəmizdən qovulub. 

Mədəniyyət Mərkəzindən şər yuvası kimi istifadə etməyin sonu belə də bitməliydi.

Bəybala Mirzəyev

Visiontv.az