Dənizdə batan şəxsi xilas etməyə çalışan polis özü də boğulub
03.09.2021

Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

Bu barədə Visiontv.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görərək, onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub.

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.

"Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!", - deyə DİN-dən bildirilib.