Cümə xütbələrində narkomaniya ilə bağlı mövzulara toxunmaq təklif edilib
30.11.2021

“Azərbaycan ərazisində fəaliyyət göstərən televiziya və radiolar ayda 90 saatdan az olmayaraq narkomaniya ilə mübarizə çərçivəsində müvafiq maarifləndirici sosial çarxlar hazırlayıb “prime-time” deyilən saatlarda təqdim etməlidir”.

Visiontv.az xəbər verir ki, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, qanunvericiliyə bununla bağlı dəyişiklik edilməli, televiziya və radiolar üzərində öhdəlik qoyulmalıdır: “Bununla bağlı MTRŞ-ya hər ay hesabat verilməlidir. Eyni zamanda dini qurumlar cümə xütbələrində, moizələrdə narkomaniya ilə bağlı mövzulara toxunmalıdır. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun Milli Məclisdə qəbul edildi. Həmin qanunun hazırlanmasında mən İşçi Qrupun rəhbəri kimi çıxış edirdim. Onun icrasının monitorinqini keçirdik və məlum oldu ki, həmin qanunun icrası cəmi 7 % təşkil edib. Bu çox pis haldır. Bu gün narkomaniyaya gedən yol tütün məmulatlarının istifadəsindən başlayır. Azərbaycanda elə gənc yoxdur ki, tütündən istifadə etmədən narkotik vasitədən istifadə etsin. ÜST-ün də bu sahədə statistik məlumatları var. Bu statistikalar ciddi statistikadır. Müvafiq komitələr arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun işləməməsinin səbəblərini biz araşdırmalı, dinləmələr keçirməliyik. Bu gün narkomaniya probleminin kökündə bu qanunun işləməməsi durur. DİN bu qanunun işləməməsi ilə bağlı yaranan problemlərlə üz-üzə gəlib”.