COVID-19-dan sağalan pasiyentlərə vaksinin bir dozası kifayət edəcək
24.06.2021

COVID-19-a yoluxan və sağalan insanlar koronavirus əleyhinə ikidozalı vaksinin yalnız bir dozasını vurdura bilərlər.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “ACS Nano” jurnalında çərşənbə günü dərc olunan yeni tədqiqatın nəticələri barədə hesabatda deyilir.

Müəlliflər araşdırmada əvvəllər virusa yoluxan və vaksinin ikinci dozasını vurduran 36 insanın iştirak etdiyini bildiriblər. Onların sözlərinə görə, vaksinin ikinci dozası anticisimlərin səviyyəsində əlavə artıma səbəb olmayıb.

Anticisimlər infeksiya ilə mübarizə aparmaq üçün immun sistemi tərəfindən istehsal olunan hüceyrələrdir. COVID-19 əleyhinə vaksinlər ciddi xəstəliklərin qarşısının alınması məqsədilə bu hüceyrələrin istehsalının stimullaşdırılması üçün nəzərdə tutulub.

“COVID-19-dan sağalanlara, çox güman ki, mövcud iki peyvənddən ibarət olan praktikası əvəzinə vaksinin yalnız bir dozası lazım olacaq. Buna baxmayaraq, COVID-19-a yoluxmayan insanlara kifayət qədər anticisim mövcudluğuna nail olmaq üçün hər iki vaksin lazımdır”, - deyə Los-Ancelesdəki Kaliforniya Universitetinin Qeffen Tibb məktəbində yoluxucu xəstəliklər üzrə mütəxəssisi və tədqiqat həmmüəllifi doktor Otto Yan bildirib.

Pfizer-BioNTech və Moderna vaksinlərinin klinik sınaqları insanın normal şəraitdə iki dozaya ehtiyacı olduğunu göstəriblər. Bu vaksinlər COVID-19-un ağır formasından müdafiədə 95 faizə qədər səmərəli olduqlarını göstəriblər.