Cənab Prezident konfransda çıxışdansa sualların cavablandırılmasına daha çox vaxt ayırdı - deputat Sahib Alıyev
Cənab Prezident konfransda çıxışdansa sualların cavablandırılmasına daha çox vaxt ayırdı - deputat Sahib Alıyev
15.04.2021 Sahib Alıyev Tərəfindən

Prezident İlham Əliyevin dünyanın aparıcı beyin mərkəzləri təmsilçilərinin qatıldığı "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxala konfransdakı açıqlamaları Azərbaycanın Qarabağın hələ tam nəzarətimizdə olmayan hisssində atacağı addımlar, üzərində zəfər çaldığı Ermənistana, regionun digər ölkələrinə və aparıcı dövlətlərə yanaşmada hansı siyasəti yeritməyə hazırlaşdığı baxımdan çox önəmli idi ki, bu haqda yəqin geniş bir yazım olacaq.

Cənab Prezident bu konfransda çıxışdansa sualların cavablandırılmasına daha çox vaxt ayırdı. Yəqin   bu, qarşısındakıların proseslərin gedişini daha dərindən izləyən və bir çoxu insayder informasıyasıyla işləyənlərdən ibarət olmasıyla bağlıydı.

Məhz bu səbəbdən də ekspert sualları adətən jurnalistlərinkindən daha dərin, eyni zamanda da mövqeliliyin daha açıq nəzərə çarpmasıyla fərqlənir. Yəni onların suallarında təkcə fikir öyrənilmir, həm də fikir bildirilir.  Həmən o bildirilən fikirlərdən bir çoxunu burada sizin də diqqətinizə çatdırmaq istərdim.

Bilirsiniz, bizim qələbəmiz sözün hər anlamında dağ qələbəsiydi. Dağ isə uzaqdan daha bütöv və ekspert gözüylə, yəni binoklla baxıldığından daha aydın görünür. Beləliklə, 44 günlük savaş haqda ekspert fikirləri:

-ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzə: Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Bəziləri bəlkə də bunu dərk eləmir, ancaq Siz təmkinli şəkildə müharibə apardınız. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Siz müharibənin hərbi fazasını Şuşadakı Qələbənizdən sonra dayandırmaqla strateji baxış nümayiş etdirdiniz.

İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel: Əvvəla, icazə verin, Sizi və Azərbaycan xalqını Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edim. Aydındır ki, bu tarixi nailiyyət Qafqaz regionunu və onun sərhədlərini aşaraq siyasəti dəyişmişdir. Ən önəmlisi, hesab edirəm ki, bu nailiyyət dünyaya Azərbaycanın bacarıqlarını və Azərbaycan dövlətçiliyinin qətiyyətini nümayiş etdirmişdir. Azərbaycanın böyük güclər arasında real və ya təsəvvürdə olan geosiyasi oyunların bir obyekti olmadığı, tam əksinə, öz hüququ olan bir güc olduğu sübuta yetirilmişdir. Əlavə edərdim ki, biz bu tendensiyanı regionda müşahidə edirik, harada ki, Azərbaycanla birlikdə, Özbəkistan və Qazaxıstan kimi bir neçə dövlət real tərəflərə çevrilir.
İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer: Ədalətin bərpası münasibətilə Sizi təbrik edir və şəhid ailələrinə Ramazan ayını rahat keçirməyi diləyirəm. Azərbaycan müasir, geniş imkanlara malik ordu qurmağa müvəffəq olub. İkinci Ermənistan-Azərbaycan müharibəsi XXI əsrin müharibəsi kimi öyrənilir. Azərbaycan yüksək bacarıqlı xüsusi təyinatlı qüvvələrə malik olduğunu nümayiş etdirdi. Müasir texnologiyalara sahib olmaq hər şey demək deyil. Onlar uğurla döyüş tapşırıqlarına inteqrasiya edilməlidir. 1990-cı illərdə mən Azərbaycanda olmuşam və o zaman insanları cəbhəyə göndərmək müşkül məsələ idi. Bu müharibədə könüllülər növbələrdə dayanırdı və onlar geri qaytarılırdı.

Roma Sapienza Universitetindən Daniel Pommier Vinçelli: Təşəkkür edirəm, cənab Prezident. Ərazi bütövlüyünüzü bərpa etməyiniz münasibətilə Sizi təbrik edirəm. Düşünürəm ki, bu siyasi lider üçün ömründə bir dəfə baş verən nailiyyətdir. Şəxsən Sizi təbrik edirəm.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm: Mən, ilk növbədə, Pakistan xalqı və dövləti adından bu Qələbə münasibətilə Sizi təbrik etmək istəyirəm. Pakistan xalqı Sizinlə çox qürur duyur. Siz Pakistanda məşhur bir şəxsə çevrilmisiniz. Çünki hər gün Siz Pakistandakı qəzetlərdəsiniz. İndi hətta Pakistanın müxtəlif böyük universitetlərinin beynəlxalq əlaqələr fakültələrində Qarabağ müharibəsini və Azərbaycanın uğurunu öyrənirlər. Beləliklə, Pakistanda biz Sizinlə və Azərbaycan xalqı ilə çox qürur duyuruq.

... Mən protokoldan kənara çıxıb bir söz demək istəyirəm. Biz Sizin Facebook səhifəniz vasitəsilə bu konfransı Pakistanda da canlı yayımlayırıq. Çox sayda gənc bu konfransı izləyir. Onlar mənə yazırlar ki, Sizin liderliyiniz təkcə azərbaycanlı gənclər üçün yox, eləcə də pakistanlı gənclər üçün motivasiya mənbəyidir. Onlar məndən xahiş edirlər ki, bütün iştirakçılardan cənab Prezidentin şərəfinə xüsusi alqış istəyim.

Yeri gəlmişkən, ekspertlərinin hamısının da olmasa, çoxunun verdikləri sual  əslində təkcə onların özlərinin deyil, həm də ölkələrinin 44 günlük savaşa yanaşmalarını ortaya qoyurdu. Maraqlıdır ki, qardaş Türkiyədən, Pakistandan, İsraildən, İtaliyadan, Ukraynadan olan ekspertlər bizi işğalçı Ermənistan üzərində qələbəylə bağlı təbrik etdikləri halda Azərbaycanın həmişə və hərtərəfli dəstək verdiyi, özü də separatizmdən əziyyət çəkən elə ölkə var ki, onun rəsmiləri kimi ekspertləri də təbrik sözünü dillərinə gətirə bilmirlər. Və bu, heç də onların Ermənistanı incitmək istəməmələrindən qaynaqlanmır. Nədən irəli gəldiyini çoxumuz yaxşı bildiyimizdən və digər səbəblərdən burada açıqlamağa ehtiyac duymuram.

Visiontv.az