Bu gün bəstəkar Fikrət Əmirovun doğum günüdür
22.11.2022

Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.

Visiontv.az Mədəniyyət nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bəstəkarın məzarı üzərinə tər güllər qoyulub, xatirəsi yad edilib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Azərbaycan milli mədəniyyətinin parlaq simalarından biri, nəhəng və çox yaddaqalan, böyük izlər qoyan Fikrət Əmirov xatirələrdə daim yaşayır: "Onun əsərləri qəlbimizə yol açır. Fikrət Əmirovun ailədə gördüyü milli musiqiyə münasibət bu sənətə necə vurğun olduğunun göstəricisi idi. Onun milli musiqiyə söykənən əsərləri, dünyanın bir çox tanınmış konsert salonlarında səsləndirilir".

Xatırladaq ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.