BMU-da doktoranturaya qəbul komissiyasının iddiaçılarla görüşü keçirilib
05.05.2022

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədovun sədrliyi ilə doktoranturaya qəbul komissiyasının iddiaçılarla görüşü keçirilib.

Tədbir Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”ndan irəli gələn tələblərə əsasən təşkil olunub.

İclas iştirakçılarını salamlayan qəbul komissiyasının sədri Havar Məmmədov ölkəmizdə elmin, təhsilin və insan kapitalının inkişafı istiqamətində gerçəkləşdirilən siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, elm sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Gənclərin elmə marağının artırılmasının əhəmiyyətini, bu sahədə ali təhsil müəssisələrinin üzərinə düşən mühüm vəzifələri önə çəkən rektor BMU-da bu istiqamətdə görülən işləri sadalayıb və ali təhsil ocağında elmi-tədqiqat fəaliyyətinin ildən-ilə genişləndiyini diqqətə çatdırıb.

Müasir gəncliyin elmimizin inkişafına müsbət töhfə verəcəyinə ümid etdiyini bildirən Havar Məmmədov bütün iddiaçılara uğurlar arzulayıb.

Sonra Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirov komissiya üzvlərini iddiaçı doktorantların sənədləri ilə tanış edib.

Müzakirələrdən və ixtisas uyğunluqları yoxlanıldıqdan sonra 2022-ci ildə BMU-ya sənəd vermiş 15 doktorantın imtahanlara buraxılmaları haqqında qərar qəbul edilib.