Bizi ruslarla baş-başa buraxmadı sayın Ərdoğan
27.10.2021

Türkiyə hərbçiləri Qarabağda vuruşanda yaxşıdı, Türkiyə şirkətləri Qarabağda yol çəkəndə pisdir?

Bəzi ağzıgöyçəklər Türkiyə şirkətlərinin Qarabağda çalışmalarını tənqid edir, bunu başqa yerlərə yozurlar. Tender söhbəti falan deyirlər. Nəymiş? Guya şəffaflıq təmin edilmir bu şirkətlərin ihalə qazanmalarında. Yaxud bunu Ərdoğanın şəxsi maraqları çərçivəsində dəyərləndirirlər. Guya Ərdoğan minalanmış, viran edilmiş Qarabağ kəndlərindən para qazanmaq istədiyi üçün şirkətləri bura göndərir. İki türk cümhuriyyəti arasındakı qlobal sürəci, yaxınlaşmanı, bütövləşməni az qalsın "Tək millət-tək dövlət" konsepsiyasına keçidi gözdən salamağa çalışmaq ölkə və millətlə düşmənçilik etməyə bərabərdir.

Bəs Türkiyə hərbçiləri Qarabağda vuruşanda, şəhid olanda tender yada düşmürdü? “Bayraktar” ermənilərin başına od ələyəndə, F-16-lar ölkəmizin səmasında uçub düşmənə göz dağı verəndə, türk hərbçiləri Bakıda, Şuşada “Mehter marşı”nın sədaları ilə addımlayanda kimsə demirdi ki, o silahlar hansı yolla gəlib Azərbaycana, o uçakların nə işi var burda, o əsgərləri niyə çağırmışıq və s. Əksinə, alqışlayırdıq, sevinirdik, qürurlanırdıq, özümüzü güclü hiss edirdik. İndi Türkiyə şirkətləri Qarabağda yol çəkilişində, kənd təsərrüfatında, yataqların işlənməsində iştirak edəndə, dərhal şəffaflıq damarımız qabarır?

Ağdamda Monitorinq Mərkəzindəki Türkiyə hərbçilıərinin təmsilçiliyini yada salaq. Bizi ruslarla baş-başa buraxmadı sayın Ərdoğan. Qarabağı gecə-gündüz gözətləyir Türkiyə Cümhuriyyəti və onun sayğı-dəyər Başkanı. Göz bəbəyi kimi qoruyur bu yaralı torpaqları türkiyə hərbçiləri.

Türkiyə hər şeyilə Azərbaycanda olmalıdır! Yoxsa düşmənlər bizi əzib keçər, qələbəmizi burnumuzdan tökərlər.

Qarabağ və İran mövzusu hər kəsin tərəfini bəlli etdi, gerçək üzünü açıb göstərdi. Hakimiyyəti bəhanə edib Azərbaycana, Türkiyəyə və Qarabağa qarşı vuruşanlara, dövlətin, xalqın strateji mənafelərini zədələmək üçün gecə-gündüz eşşək arısı kimi vızıldayanlara ar və lənət olsun!

"Yeni Musavat" qəzetinin baş redaktoru Azər Ayxan

Visiontv.az