BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq
31.01.2023

2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura üzrə iki yeni ixtisaslaşmanın açılması nəzərdə tutulur.

Visiontv.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən xəbər verilib.

Bildirilib ki, bunlar Şərqşünaslıq fakültəsində Tərcümə (ərəb dili üzrə) və Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmalarıdır.

Şərqşünaslıq fakültəsinin bakalavr pilləsində Tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasında tərcüməçi kadrlar yetişdirilir. Bu ixtisasda əsasən dil və tərcümə ilə bağlı fənlər tədris olunur. Ərəb dilində yüksəkixtisaslı, daha peşəkar tərcüməçilər yetişdirmək üçün 2023-2024-cü tədris ilində magistratura pilləsində yeni açılacaq Tərcümə (ərəb) ixtisası üzrə 2 plan yeri nəzərdə tutulub.

"Hazırda ölkəmiz istər iqtisadi, istər digər sahələrin dayanıqlı inkişafı istiqamətində bir çox ölkələrə nümunə olacaq işlər həyata keçirir. Müasir dövrdə iqtisadi inkişafda davamlılığın təmin edilməsi dövlət idarəetmə orqanları qarşısında duran ən vacib problemlərdən biridir. Problemin həlli dövlətin inkişaf proseslərinin planlaşdırılması, idarə edilməsi, innovativ texnologiyaların tətbiqi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması sayəsində mümkündür.

Davamlı inkişaf iqtisadi, ekoloji və sosial problemləri kompleks şəkildə həll etməyə imkan verən, müasir dövrün inkişaf strategiyası kimi qəbul edilən yeganə tərəqqi modelidir. Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmasının açılması məhz bu zərurətlərdən irəli gəlib" - məlumatda bildirilib.

APA