"Bağçalara işə qəbul olanların yerləşdirilməsinin gecikməsinə aydınlıq gətirilib"
25.01.2023

Məktəbəqədər təhsil müəssisələrinin işə qəbul müsabiqəsində uğur qazanan namizədlərin yerləşdirilmə prosesinin gecikməsinə aydınlıq gətirilib.

Visiontv.az xəbər verir ki, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğurlu hesab olunan namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun vakansiyalara yerləşdirilməsi həyata keçirilir.

Prosesin bu qədər uzun çəkməsinə gəlincə isə qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinə 1 ildir ki, verilib və ilk dəfədir ki, müsabiqə yolu ilə işə qəbul həyata keçirilir: “Bu, Nazirlik üçün də ilk təcrübədir”.

Qeyd edək ki, 29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.

Test imtahanı mərhələsində tələbləri ödəyən 775 nəfər müsahibə mərhələsinə dəvət olunub. Onlardan 739 namizəd noyabrda keçirilən müsahibə mərhələsində iştirak edib.

Qeyd edək ki, müsahibələr zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılıb. Aparılmış geniş təhlillər nəticəsində müsabiqəyə uyğun namizədlər seçilib. Yekunda 366 nəfər müsabiqədən uğurla keçib. Sosial şəbəkələrdə müsahibə mərhələsindən keçmiş bir sıra namizədlər hələ də işlə təmin olunmamalarından narazılıq edirlər.