Azərbaycanın davranışı İrana olduğu kimi Rusiyaya da mesajdır
16.09.2021

Ermənistanın Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində son günlər baş verən hadisələr bir daha onu göstərir ki, Azərbaycan kimliyindən, hansı dövlətə mənsub olmasından asılı olmayaraq, öz suveren hüquqlarını sonuna kimi qorumağa qərarlıdır.

Bu davranış Irana olduğu kimi Rusiyaya da mesajdır. Günün birində Rusiyanın açıq əks fəaliyyətinə də eyni reaksiyanın göstəriləcəyi qaçılmazdır, hərçənd ki, bunun mesajları dəfələrlə verilib.

Azərbaycan mövqeyində  haqlı olduğundan hər zaman bu mövqeyi qorumaq üçün atacağı ciddi və həlledici addımlar kimsədə şübhə doğurmamalıdır.

Uzun illərdən sonra haqlı mövqeyini dünya ictimaiyyətinin gözü qarşısında sübut etməyi bacaran Azərbaycanın bundan sonra da hər addımı atmağa siyasi və hərbi iradəsinin çatacağına əmin olmaq olar.

Region dövlətləri anlamalıdır ki, onların pərdəarxası oyunlarının oynadıqları dövr artıq keçmişdə qalıb. İndi gizli oyunlar dövrü yox, əməkdaşlıq və iqtisadi əlaqələrin qanun çərçivəsində inkişafı dövrü olmalıdır.
 İran dövləti kiçik Ermənistanla əlaqələrdən qəpik-quruş qazanmağın ardınca getmək yolunu seçməkdənsə, yaxşı olardı ki,  regionlararası iqtisadi əməkdaşlıqdan gələcək daha böyük gəlirlər imkanı təklif edən Azərbaycan dövlətinin bütün region ölkələrinə təklif etdiyi altılıq formatını seçmək yolunu tutsun. Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq fəaliyyətlərini dayandırsın. Bu, ilk növbədə onların xeyrinə olardı, eyni zamanda, bölgənin digər ölkələrinin.

siyasi şərhçi Azər Qasımov

Visiontv.az