Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksikada səfərdə olub
26.11.2022

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksika Birləşmiş Ştatlarına səfər edib.

VİSİONTV.AZ APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov Meksika Xarici Əlaqələr nazirinin siyasi məsələlər üzrə müavini xanım Karmen Moreno Toskano, Meksika Senatının sədri Alexandro Armenta Mier, Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda, eləcə də Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, bu ölkənin aparıcı beyin mərkəzlərinin üzvləri və nüfuzlu KİV-lərin nümayəndələri ilə görüşüb, çoxsaylı müsahibələr verib.

Görüşlər zamanı E.Əmirbəyov ölkəmizin BMT TŞ qətnamələrinə uyğun olaraq 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın Ermənistanın işğalında olmuş ərazilərini azad edərək öz ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri, orada tikilən “ağıllı şəhərlər” və “ağıllı kəndlər, qısa müddət ərzində inşa edilən hava limanları, icra edilən infrastruktur və nəqliyyat layihələri barədə ətraflı məlumat verib.

Həmçinin, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün hazırda ciddi maneələrin olduğunu, həmin ərazilərin Ermənistan tərəfindən kütləvi minalandığını, hətta iki il bundan əvvəl İkinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 270-ə yaxın azərbaycanlının həlak olduğunu və ya yaralandığını diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycan ərazilərinin erməni silahlı dəstələri tərəfindən hələ də qanunsuz olaraq minalanmağa davam etdirildiyi, bir neçə gün öncə Sarıbaba yüksəkliyinin şimal istiqamətində yerləşən ərazidən 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd piyada əleyhinə minanın aşkar edilməsinin bunun əyani sübutu olduğu vurğulanıb.

Təcavüz, soyqırımı, etnik təmizləmə və çoxsaylı müharibə cinayətlərinin qurbanı olduqdan sonra belə, Azərbaycanın regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərdiyini, həmçinin regionda təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlər həyata keçirdiyini qeyd edən E.Əmirbəyov, bu xüsusda Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı da daxil olan 5 prinsip əsasında hazırlanmış sülh sazişinin imzalanmasının təklif edildiyini bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlardan onun sülh prosesində iştirakının qeyri-səmimi olduğu qənaətinə gəlmək olar.