Azərbaycanda milli internet resurslarının yaradılmasına ehtiyac varmı?
Azərbaycanda milli internet resurslarının yaradılmasına ehtiyac varmı?
19.01.2021 Elvin ABBASOV Tərəfindən

Son günlər “Facebook” sosial şəbəkəsinin “WhatsApp” mesajlaşma xidməti üçün istifadəçi razılaşmasında dəyişiklik etməsi dünya gündəmini məşğul etməkdədir. Bəzi istifadəçilər bu dəyişiklik nəticəsində onların şəxsi yazışmalarının digərləri üçün əlçatan olacağını düşünərək bu mesajlaşma xidmətindən imtina edirlər.

Dünya üzrə istifadəçilərin narahatlıq və narazılığını nəzərə alaraq “WhatsApp” istifadəçi müqaviləsinə 8 fevralda tətbiq edəcəyi yenilənmənin icrasını təxirə salıb. Bununla da messenger yeniləmənin tətbiqetmə tarixini 8 fevraldan 15 maya dəyişdirib.

“Sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək, şərtləri nəzərdən keçirib qəbul etmələri üçün onun tətbiq edilməsini 15 maya qədər təxirə salır. Fevralın 8-i heç bir hesab bloklanmayacaq və silinməyəcək”, - məlumatda qeyd olunub.

Məsələnin aktuallığını nəzərə alıb "Report" mövzunu İKT mütəxəssisi Elvin Abbasovla müzakirə edib.

- Bir neçə gün əvvəl “Facebook” elan etdi ki, “WhatsApp” istifadəçilərinin məlumat bazası (data) “Facebook”a yönəldiləcək. Bu isə istifadəçilərdə təşviş yaratdı. Narahat olmağa ehtiyac varmı?

- Ümumiyyətlə, istər icazəli (etik olaraq), istərsə də icazəsiz (qeyri-etik olaraq) hər hansı bir məlumatın ötürülməsi texnoloji cəhətdən mümkündür. Bu barədə texnologiyada elə bir məhdudiyyət yoxdur, amma mütəxəssisin nə qədər bacarıqlı olması məsələsi var.

İlk olaraq gəlin məlumatları 2 hissəyə ayıraq. Onlardan birincisi statuslu şəxslərə aid məlumatlar, digəri isə kütləyə aid məlumatlardır.

Son günlər gündəmdəki məsələ odur ki, “Facebook Group”a daxil olan “WhatsApp” məlumatların 3-cü şəxsə ötürülməsinə dair yeni razılaşmanı istifadəçilərdən imzalamağı xahiş edərək, bunun üçün 1 ay vaxt vermişdi [messenger yeniləmənin tətbiqetmə tarixini fevralın 8-nə müəyyən edən zaman]. Əks təqdirdə müəyyən edilmiş bir aylıq müddət bitdikdən sonra “WhatsApp”ın istifadəsi məhdudlaşdırılacaq. Burda “Facebook” bizim şəxsi məlumatlarımızı heç kimə ötürmək istəyində deyil. Daha əvvəllər “Facebook”un bizə təklifi bu idi ki, sən məndə yazışmalarını apar, mən də sənin istədiyin məlumatları, reklamları qarşına çıxaracam. Bir sözlə, bizim yazışma və danışıqlarımızı süni intellekt təhlil edirdi və nəticədə istəklərimizə uyğun reklam satılırdı.

Amma indi “Facebook” təklif edir ki, istifadəçinin məlumatlarını 3-cü tərəflə paylaşacaq. O, maliyyə xərclərini azaltmaq üçün təhlil sistemlərini mərkəzləşdirmək niyyətindədir. Burada istifadəçilərin yazışmalarının kimlərəsə ötürülməsindən deyil, həmin məlumatların mərkəzi bazada emal edilməsindən və onlara uyğun bizə reklam təklif etməsindən söhbət gedir. Yəni faktiki olaraq əvvəllər ayrı-ayrı sosial şəbəkələrdə ("Facebook", "Instagram" və "WhatsApp") görülən işlər, indi bir mərkəzdən həyata keçiriləcək.

Həm ABŞ-da Donald Trampın prezident seçilərkən baş verən olaylar, həm də 2015-ci ildə Almaniyanın və 2016-cı ildə Fransanın “Facebook”u məhkəməyə verməsi bu şirkətin şəxsi məlumatları satmasının dünya tərəfindən bilindiyini göstərən faktdır. Bu barədə isə mediada kifayət qədər məlumatlar yer alıb.

Mən bu işin qeyri-etik tərəfləri haqqında deyil, leqal tərəfləri haqqında danışmaq istəyirəm. İndiki halda “Facebook” bu müqaviləni istifadəçiyə imzalatmaqla məlumatları 3-cü tərəfə satmaq üçün işinə zəmanət alır. Burada 3-cü tərəf isə konsaltinq, reklam, təhlil və başqa şirkətlər ola bilər. Əgər istifadəçi tanınmış ictimai xadim və yaxud nüfuzlu siyasətçidirsə və razılaşma imzalandıqdan sonra onun şəxsi məlumatları 3-cü tərəfə satılarsa həmin istifadəçi “Facebook”u məhkəməyə verə bilməyəcək. Çünki, artiq sözləşməyə razılıq verib.

- Müşahidələr onu göstərir ki, bu məlumatlar yayılanda Azərbaycan cəmiyyətində narahatlıq başladı və onların bəziləri sosial şəbəkələrini dəyişməyi qərara aldı. Əgər sadə insanlara bir təhlükə yoxdursa bəs onların təlaşlanması nə ilə bağlıdır?

- Belə bir izah verim. Məsələn, “Google”un bir çox məhsulları var. Əgər sizin telefonunuzun əməliyyat sistemi "Androiddir"sə, siz ora öz məlumatlarınızı “Google” hesabınız üzərindən arxivləyirsinizsə, telefonla çəkdiyiniz şəkil komüterinizi açanda görünəcək. İnsanların da ağlına birbaşa bu gəlir ki, mənim “WhatsApp”da yazışmalarım və yaxud göndərdiyim şəkillər “Facebook”da çıxacaq. Əslində bu təşviş Azərbaycanda yaşayan insanların fikridir. Əgər onlar belə narahatdırlarsa, deməli, yazışmalarında özlərini ifadə etməyəcək, yaxud səhv tanıda biləcək sosial aktivliklə məşğuldurlar. Mən əslində buna normal baxmıram.

Bu, digər tərəfdən də məlumatsızlıqla bağlı ola bilər. İnsanlar bilməlidir ki, heç bir iri şirkət onların şəxsi məlumatlarını satmaqda maraqlı deyil və yaxud satıb özünü nüfuzdan satmaq istəməz. Bir məsələni də nəzərə almalıyıq ki, gündəlik istifadə etdiyimiz sosial şəbəkələr və mesajlaşma proqramları bizdən bu xidmətə görə pul almırsa, deməli orada satılan məhsul biz özümüzük. Yəni o şirkətlər bizə pulsuz xidmət göstərməklə çoxmilyonluq şirkət olmurlar. Onlar məhz bizim məlumatlarımız əsasında milyonlara sahiblənirlər.

- Bir çox hallarda hansısa sosial şəbəkə haqqında iddia ilə qarşılaşırıq ki, o, məlumatları hüquq mühafizə orqanlarına ötürür. Bu iddialar nə qədər doğrudur və sadə vətəndaş daha təhlükəsiz yazışma aparmaq üçün nəyə fikir verməlidir?

- Bir daha deyirəm ki, bu gün istifadə etdiyimiz sosial şəbəkələrin heç biri pullu deyil. Bu onları cəlbedici edir. Amma onu qeyd etmək lazımdır ki, hər bir sosial şəbəkə fərqli ölkələrin maraqlarına xidmət edir. Avropa ölkələrində qeydiyyatdan keçən sosial şəbəkə ordakı xüsusi xidmət orqanlarına məlumat verməyə məcburdurlar. Çünki bu ölkədə qeydiyyatdan keçiblər və o dövlətin qanunvericiliyi əsasında məhkəmə yaxud hansısa yollarla həmin məlumatları paylaşmaq məcbiriyyətindədirlər.

Digər tərəfdən də onu da bilməliyik ki, müxtəlif ölkələrə məxsus sosial şəbəkələr fərqli missiya daşıyır. Rusiyanın bu tip sosial şəbəkələri daha çox axtarış, insanları fərqli macəralarla bir-biri ilə birləşdirmək funksiyalandırılıb. Amma Avropada sosial şəbəkələrin missiyası daha çox beyin inqilabları üstündə qurulub. Biz bu sırada “Ərəb Baharı”nı, bir sıra ölkələrdəki inqilabları və seçki qalmaqallarını görmüşük. Yenə də təkrar edirəm ki, bütün sosial şəbəkələr qeydiyyatdan keçdikləri ölkələrin qanunlarına tabedirlər.

- Ötən ilin sonlarında 44 günlük Vətən müharibəsi dövründə hökumət insanların sosial şəbəkələrə girişini məhdudlaşdırdı. Nəticədə bir çox insanlar VPN-lər vasitəsi ilə öz işlərini davam etdirdi. Bu isə insanların məlumatlarının oğurlanmasına şərait yaradılması ilə bağlı iddialara səbəb oldu. Bu barədə siz nə düşünürsünüz?

- Bu məsələyə gəlincə Azərbaycanda insanların müharibə dövründə sosial şəbəkələrdən istifadəsini qadağan edəcək hansısa rəsmi qərar olmadı. Yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fövqəladə hal olduğu üçün kənar sosial şəbəkələrə girişi məhdudlaşdırdı. Bu Nazirliyin bizim əleyhimizə ola biləcək fəaliyyətlərin qarşısını almaq naminə özü üçün atdığı addım idi. Böyük bir kütlə bu qərara hörmətlə yanaşdı. Texnologiyadan bir qədər anlayışı olan insanlar isə VPN-lərdən istifadə edərək sosial şəbəkələrdə fəaliyyətini davam etdirirdi. Dövlət isə artıq rahat şəkildə onların fəaliyyətini müşahidə edə bilirdi.

Vətəndaşlara hər hansı formada sosial şəbəkələrdən istifadə qadağan edilmədiyi üçün onların VPN yaxud hansısa başqa vasitələrlə sosial şəbəkələrdən istifadəsi cinayət məsuliyyəti yaratmır. Amma Azərbaycanda sosial şəbəkələrdən istifadə radikal olaraq qadağan edilsəydi bu zaman bu qərar Milli Məclisdə və başqa aidiyyatı strukturlarda müzakirə edilib təsdiqlənməli idi.

Qaldı ki, bu məsələni digər tərəfinə. Hansı ki, bəzən deyirdilər ki, məhdudlaşdırma bizim sosial şəbəkələrdə mübarizədə də məğlub olmağımıza səbəb olur. Mən düşünürəm ki, burada heç kimi qınamaq olmaz. Çünki dəfələrlə sübut olundu ki, mobil telefonla çəkilən şəkildə belə koordinatlar qeyd edilir və qarşı tərəf bu koordinatlar vasitəsi ilə asanlıqla fotonun çəkildiyi yer barəsində məlumat əldə edə bilər. Məhz bu səbəbdən də baxıldı ki, bunun qarşısı alına bilməyəcək. Çünki heç bir ölkədə bütün vətəndaşların intellektual səviyyəsi 70-80 %-dən çox deyil. Hər bir ölkədə müxtəlif seqmentlər var və onlar müxtəlif fikirlərə sahibdirlər. Məhz müharibə dövründə də radikal qərar lazım idi. Sosial şəbəkələrdə paylaşımların da xeyrindən daha çox ziyanının olması təsbit edildiyi üçün Nazirliyin verdiyi qərar yerində və düzgün oldu.

- Bildiyiniz kimi 2020-ci ilin mart ayından etibarən koronavirus (COVID 19) pandemiyası səbəbindən Azərbaycanda qapanmalar başlandı. Tədris müəssisələri, iş yerləri, ictimai iaşə müəssisələri onlayn iş rejiminə üstünlük verdi. Bu da bir çox onlayn konfrans proqramlarına ehtiyacı artırdı. Xüsusən də “Zoom” deyilən proqramdan istifadə artdı, onun bazar dəyəri də dəfələrlə yüksəldi. Pandemiya və müharibə şəraitindən istifadə edib öz milli sosial şəbəkəmizi, videokonfrans və ya mesajlaşma proqramımızı cəmiyyətə tanıda bilərdikmi?

- Burada kriteriyalar müxtəlifdir. Biz 2015-ci ildə bu istiqamətdə, Sərmayənin Milliləşdirilməsi Konsepsiyası adı altında Azərbaycanın milli internet resurslarının əhəmiyyətini üzə çıxaracaq çox böyük konseptual işlər aparmışdıq. Buna mətbuatda çox geniş yer verilmişdi, həmçinin Nazirlik bizə xüsusi təşəkkür sertifikatı təqdim etmişdi.

Burada ölkənin kiçik olması, alternativ resursun olmaması müəyyən çətinliklər yaradır. Amma hesab edirəm ki, alternativ resurs o demək deyil ki, mütləq nəticə olmalıdır. Ölkənin internet dövründə, texnoloji çağında, alternativ öz milli resursları olmalıdır konseptindən yanaşılmalıdır. Yəni xeyir gətirməyəcəksə olmasın kimi düşünsək o zaman zərurət yarananda nə edərdik? Əgər müharibə dövründə bizim daxili sosial şəbəkəmiz olsaydı kənarı bağlayıb daxili açardıq və bir-birimizi milli sosial şəbəkədə məlumatlandırardıq. Bu da bizi kənar təhlükədən qoruyardı. Amma alternativ olmadığı üçün biz VPN-lərlə xarici sosial şəbəkələrə axışdıq.

Biz o vaxt bildirmişdik ki, hər ay milyonlarla manat vəsait sosial şəbəkələr vasitəsi ilə xaricə çıxır və bu da sərmayənin milliləşməsinə böyük zərər verir. Həmçinin bunlar şüuraltı psixologiyanın pisləşməsinə və dilin korlanmasına, xarici kəlmələrin dilimizdə əks olmasına səbəb olur. Təəssüf ki, o zaman biz bu təkliflərimizə dövlətdən lazımı qədər reaksiya ala bilməmişdik. Amma indi baxış bucağı, rakurs dəyişib və bildiyiniz kimi biz 5-ci nəsil texnologiya müharibəsi keçirdik. Hansı ki, bu, özlüyündə geniş müzakirə ediləcək mövzudur.

- Siz bu təklifləri 6 il öncə etmisiniz. O vaxt edilən təklifiniz indi nə qədər aktualdır?

- Hər bir dövrün özünün aktual mövzuları var. Əgər bir işin təməli 5-10 il əvvəl qoyulsaydı, indi onun təkmilləşməsinə ehtiyac olardı. Amma bu gün biz onu sıfırdan başlayanda onu mükəmmələşdirməyə deyil, dünya təcrübəsini mənimsəməyə ehtiyac duyuruq. Təəssüf ki, bu gün biz Azərbaycanda çox şeyi sıfırdan qurmağa başlamalıyıq. Biz hansısa işdə xarici təcrübəni mənimsəsək də, onu individual olaraq Azərbaycan psixologiyasına uyğunlaşdırıb inkişaf etdirmək üçün yeni mərhələyə ehtiyacımız olacaq. Hesab edirəm ki, bu baxımdan tədbirlərin görülməsi zəruridir. Milli internet resurslarının yaradılması ən zəruri məsələlərdən biridir.