Azərbaycan üçtərəfli bəyannaməni özü icra etməli olacaq...
26.06.2022

Ötən illərə nəzər salanda Rusiya baş diplomatı Sergey Lavrovun Azərbaycana qarşı nə qədər səmimi olduğuna inanmaq olmur.

Doğrudur, Lavrovla Bakıda üçtərəfli məlum bəyannamədən irəli gələrək Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, iki ölkə arasında sülh sazişinin bağlanması, həmçinin Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlar nə qədər ümidverici görünsə də, bu bəyannamədəki 4-cü bənddən yan keçilməsi Azərbaycan cəmiyyətində haqlı olaraq narahlıq doğurur.

Çünki, bu, həmin Lavrovdur ki, hələ 2017-ci ilin yanvarında Azərbaycanlı jurnalist Anar Həsənovun “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına, “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”, - deyə cavab vermişdi. Bu ilin yanvarında isə Lavrovun “Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyanın Qarabağda sülh bəyanatına aidiyyatı yoxdur”, deməsi də, məhz əsas problemin – Xankəndidə və ətraf rayonlardakı separatçıların “atdan” salınmasına Rusiyanın mane olacağına şübhə yaradır. Bu şübhələrə əsas verən digər faktorlar isə – Xocalıda “Rusiya Şöhrət Xiyabanı”nın açılması, Qarabağda rus dilinin “rəsmi dil” elan olunması, Xankəndində “rus icması”nın yaradılması, eləcə də Moskvadan Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının məzunu olmuş, məhz erməni əsilli Aleksandır Bordovun bu “icmaya” sədr təyin edilməsi və Rusiya “sülhməramlılarının” separatçılara “humanitar missiya” yorğanı altında külli-ixtiyar verib “gözün üstə qaşın var” deməməsidir. Bütün bunlar azmış kimi, Lavrovun Bakı səfəri öncəsi Rusiya “sülhməramlıları”nın “ağsaqqalı” general-leytenant Rüstəm Muradovun “mollalıq” edərək, Mahaçqalada keçirilən görüşdə TASS müxbirinə “Qarabağdakı  sülhməramlı missiyanın müddətinin uzadılması barədə qərar qəbul ediləcək”, deməsi də, bu şübhələr sinfinə aiddir.

Əlbəttə, rəsmi Bakının 1988-ci ildən bu günədək davam edən belə bir mürəkkəb məsələnin mərhələli şəkildə - əvvəlcə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, eləcə də Zəngəzur dəhlizinin açılması, bundan sonra isə Xankəndidəki separaçılarla mübarizəni real daxili iş kimi hədəf alması, az-çox siyasi savadı olanlar üçün anlaşılan və qəbulediləndir. 

Ancaq Lavrovun Bakı səfəri ərəfəsində - 21-23 iyunda Ermənistan “Müqavimət” hərəkatının üzvləri, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan, həmçinin “Şərəfim var” fraksiyasından olan Ermənistan parlamentinin deputatı Tiqran Abramyanın Rusiya “sülhməramlılarının” yanından rahatlıqla keçib Xankəndiyə gəlib separatçılarla görüşüb yeni təxribat planları cızmaları qəbuledilən deyil. Kim bilir, bəlkə elə Lavrov “Dəli Kürdə”ki “Molla Sadıqlıq” edib - “Mən Bakıya, siz də Xankəndiyə gedin, işinizdə olun”, - deyib... 

Baxın, əgər revanşist Tiqran Abramyan “Artsaxda milli məsələlər üzrə ictimai-siyasi konsensus mövcuddur. Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq! Artsax üçün pozulmaz prinsip və buna nail olmaq üçün insanlar şəxsi və qrup maraqlarını bir tərəfə təxirə salmağa, milli gündəlik ətrafında konsolidasiya etməyə hazırdırlar”, - deyirsə, demək separatçılarların tərksilah, təslim olmasalar, tərkidünya edilməsi prosesinə elə o biri məsələlərlə parael olaraq başlamaq daha məqsədəuyğun olar. Bu, həm də Gorus-Laçın-Şuşa-Xankəndi yolunun üzərində sərhədə yaxın ərazidə yerləşən Zabux kəndində “mer”lik edən Suriyalı Andranik Çavuşyanın, həmçinin Azərbaycan torpaqlarını 30 ilə özləri üçün “Vətənləşdirmiş” digər “yanların” da üzü sulu şəkildə unitazlarını, bir sözlə bütün şələ-şülələrini indidən toplayıb öz gəldikləri yerə qayıtmalarına şərait yaratmış olar. 

Bu görüşdə yadda qalan əsas o oldu ki, ermənilərin indiyədək Qarabağ məsələsində ATƏT-in “ölmüş” Minsk qrupuna ümid etmələrinin “fatihəsini” Lavrov özü verdi. Rusiya baş diplomatının Bakıda həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirdiyi mətbuat konfransında “ATƏT-in Qarabağ nizamlanması üzrə Minsk qrupu ABŞ və Fransanın təşəbbüsü ilə fəaliyyətini dayandırıb”, deməsini Lavrovun indiyədək Qarabağla bağlı səsləndirdiyi ən yaxşı ifadə hesab etmək olar.   
Ancaq iyunun 22-də İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin, “Rusiya ilə münasibətlərin kəsilməsinə baxmayaraq, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Artsax ətrafında münaqişənin həllinə nail olmaq üçün əməkdaşlığı davam etdirməyə hazırdır”, deməsi, sadəcə ermənilərin “könlünü” almaqdan başqa başqa bir şey deyil. Əslində Ermənistan-Azərbaycan arasında mövcud problemin həll edilməsində Qərbin və Rusiyanın moderatorluq baxımdan canfəşanlıq etməsinin rəsmi Bakı üçün heç bir fərqi yoxdur. Çünki, Azərbaycanın Qarabağla bağlı işi haqq, siyasi yolu isə düzdür.

Əlbəttə, Rusiya-Ukrayna müharibəsi fonunda dünyada geosiyasi düzənin dəyişməsinin işartıları görünsə də, Azərbaycan ictimaiyyəti üçün əsas olan Xankəndidəki separatçıların özbaşınalığına son qoyulması, ərazilərin sonuncu terroçudan təmizlənməsi və dövlətin suverenliyinin tam pərpasıdır. Ancaq Lavrovun istər əvvəlki, istərsə də sonuncu görüşlərdə bu mövzuda bir kəlmə belə söz açmaması, həmçinin revanşist erməni milliyətçilərinin, separtçıların davranışları və “bəyanatları” onu deməyə əsas verir ki, Azərbaycan bir vaxtlar kağız üzərində qalan BMT-nin 4 məlum qətnaməsini 2020-ci ildə icra etdiyi kimi, üçtərəfli məlum bəyannamənin də 4-cü bəndini özü icra etməli olacaq...

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Visiontv.az