Avropa Şurasının nümayəndələri Mətbuat Şurasında olublar
30.11.2022

Noyabrın 29-da Avropa Şurasının İnformasiya cəmiyyəti departamentinin proqramlar meneceri Şahin Rzayev və qurumun Bakı ofisinin layihələr rəhbəri Vüsal Behbudov Azərbaycan Mətbuat Şurasında (MŞ) olublar.

Visiontv.az xəbər verir ki, Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının təşəbbüsü ilə keçirilmiş görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

MŞ sədri Rəşad Məcid bildirib ki, Avropa Şurası Azərbaycan mediası ilə, o cümlədən rəhbərlik etdiyi qurumla hər zaman effektiv çalışıb. Bu fəaliyyətin həm jurnalistika, həm də cəmiyyət üçün konkret faydaları var. R.Məcid ötən illər ərzində formalaşmış bazaya görə mövcud istiqamətdəki əməkdaşlığın gələcəkdə də davamlı olacağına inandığını deyib.

Avropa Şurasının nümayəndələri çıxışlarında təmsil olunduqları qurumla Mətbuat Şurasının indiyədək mövcud olmuş birgə fəaliyyət sahələrindən söz açıblar. Bildirilib ki, hazırda Avropa Şurası “Media peşəkarlığı və informasiya azadlığı” layihəsinə start verib. Bu təşəbbüs çərçivəsində diqqət yetiriləcək məqamlar isə əsasən hərbi jurnalistika, media qanunvericiliyi, media savadlılığı, dezinformasiyalar və digər məsələlər olacaq.

MŞ-nin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərlinin, komissiya üzvü Yeganə Hacıyevanın çıxışlarında müzakirə edilən mövzunun, eləcə də perspektiv əməkdaşlığın müxtəlif istiqamətləri barədə fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.

AZƏRTAC