Avropa çempionu olan millimiz Vətənə qayıdıb
13.06.2022

Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında tarixi uğura imza ataraq qitə birinciliyinin qalibi olan Azərbaycan yığma komandası iyunun 13-də Vətənə qayıdıb.

Visiontv.az  xəbər verir ki, tarixində ilk dəfə Avropa çempionu adını qazanaraq qızıl medalla ölkəmizə dönən yığmamız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.

Qarşılanma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, futbolçuların yaxınları və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, Elşad Quliyevin baş məşqçi olduğu millimiz çempionatın finalında qitə birinciliyinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub. Oyunda yeganə qolu qarşılaşmanın 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.

Çempion Azərbaycan millisi, medallara layiq görülən digər komandaların üzvləri və fərqlənən futbolçular Slovakiyada mükafatlandırılıblar. Komandamızın qolkiperi Davud Kərimi minifutbol üzrə Avropanın ən yaxşı qapıçısı, Bəxtiyar Sultanov isə qitə çempionatının ən yaxşı oyunçusu seçilib.

Xatırladaq ki, Avropa çempionu adını qazanan yığmamızın heyətində Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımov yer alıblar.

Qeyd edək ki, Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komandamız qrupda da rəqib olan Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycan millisi bu mərhələdə İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala adlayıb. Yarımfinalda Qazaxıstan yığması üzərində əzmkar qələbə (3:2) qazanan futbolçularımız həlledici matçda oynamaq hüququ qazanıblar.