“Artsax artıq dövlət deyil, ictimai birlikdir, dərnəkdir”-erməni mediası
02.09.2021

Ermənistan mediası Artsax üçün uyğun ad tapdı: “Artsax artıq dövlət deyil, dərnəkdir, ictimai birlikdir”

Qondarma “Artsax Respublikasının” müstəqillik günü ilə bağlı “tədbirlər planı” Ermənistanda ciddi məyusluq yaradıb. Ölkənin məşhur KİV-lərindən NEWS.am yazır ki, “Artsax artıq dövlət deyil, ictimai birlikdir, dərnəkdir”. “Bu il Artsaxın yubiley yaşıdır, 30 illiyidir. O, daha təntənəli şəkildə, ən azı, ötən illərdə olduğu kimi qeyd edilməliydi. Məsələn, 2 sentyabr 2018 -ci ildə Baş nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, habelə Prezident Armen Sarkisyan Artsaxa getdilər, “Respublika Günü” tədbirlərinə qatıldılar. 2019-cu ildə isə Ermənistan parlamentinin spikeri orada idi. Bu il ilk dəfədir ki, Artsaxın təhlükəsizliyinin qarantı olan Ermənistandan dövlət rəhbərləri Artsaxın Müstəqillik Günü tədbirlərinə qatılmayacaqlar. Hansı ki, müstəqilliyin 30 illiyidir, yubileydir”-deyə NEWS.am yazır. KİV əməkdaşı qeyd edir ki, 44 günlük müharibədən sonra “Artsax dövlət tipindən çıxaraq, ictimai birlik, dərnək statusuna düşüb”.

Ermənistan KİV-ləri qeyd edirlər ki, prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və parlament spikeri təhlükəsizliklərinə təminat olmadığı üçün Artsaxa getməkdən yayınıblar: “artsaxa gedən yol rus sülhməramlılarının nəzarəti altındadır, onlara da Azərbaycan hərbiçiləri nəzarət edirlər. Ermənistan rəhbərlərinin buraya təhlükəsiz gediş-gəlişi qeyri-mümkündür”. Ona görə də Paşinyan məzuniyyət adı ilə prosesdən yayınıb. Armen Sarkisyan da eyni metoddan istifadə edib. KİV-lər ehtimal edirlər ki, baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyan böyük ehtimalla ənənəvi mesajlar verməklə kifayətlənəcəklər: “Prezident administrasiyasından NEWS.am -a bildiriblər ki, Sarkisyan bu gün münasibətilə bir bəyanat verəcək”.

Müşfiq Ələsgərli

visiontv.az