“APASport”un 16 yaşı tamam olur
05.03.2023

Bu gün “APASport” idman agentliyinin yaranmasından 16 il ötür.

APA Group” MMC-yə daxil olan “APASport” İnformasiya Agentliyi 2007-ci il martın 5-də yaranıb.

Azərbaycan dilində fəaliyyət göstərən “APASport” Azərbaycanda yaranmış ilk idman agentliyidir.

“APASport”un internet ünvanı www.apasport.az-dır.

Agentlik Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif mövzularda araşdırmalar aparır, unikal statistikalara yer verir.

“APASport” 2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb. 2012-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib.

Agentlik ölkədə keçirilmiş böyük yarışların, o cümlədən 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarının işıqlandırılmasında xüsusi fəallıq göstərib. Məhz bunun nəticəsində "APA Group" I Avropa Oyunlarını ən yaxşı işıqlandıran media şirkətlərindən biri kimi mükafata layiq görülüb. Həmçinin, Belarusun paytaxtı Minskdə baş tutan II Avropa Oyunları da agentlik tərəfindən birbaşa yerindən işıqlandırılıb. Bunun nəticəsində agentliyin əməkdaşı Azərbaycan gənclər və idman naziri tərəfindən fəxri fərmanla təltif edilib. Bakıda təşkil olunan Gənclərin Yay Olimpiya Festivalı da “APASport” üçün prioritet tədbir olub.

Agentliyin Azərbaycan futbol, voleybol və digər idman növləri üzrə klublarının, milli komandalarımızın dünya və Avropa səviyyəsində keçirilən rəsmi görüşlərinə, eləcə də yoldaşlıq oyunlarına ezam olunan əməkdaşları onlayn reportajlar hazırlamaqla yanaşı, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirlərini oxuculara təqdim edir. Həmin yarışlardan hazırlanmış videogörüntülər və fotosessiyalar agentliyin saytında yerləşdirilir.

Bunlarla yanaşı, sayt bu ildən Azərbaycan idman mətbuatında yeniliklərlə oxucularının görüşünə gəlir. Ölkəmizdə ilk dəfə bütün idman növləri onlayn (live) şəkildə təqdim olunur. Bir sıra idman növlərində isə proqnozsevərlərin istəkləri nəzərə alınır. Onlara mütəxəssis komandamız tərəfindən ödənişli və ödənişsiz kuponlar təqdim edilir.

Visiontv.az olaraq həmkarlarımızı təbrik edirik!