ABŞ-ın Çin şirkətlərinə sanksiya tətbiq etməsi onların Azərbaycandakı fəaliyyətinə mənfi təsir edəcək
ABŞ-ın Çin şirkətlərinə sanksiya tətbiq etməsi onların Azərbaycandakı fəaliyyətinə mənfi təsir edəcək
15.11.2021 Elvin ABBASOV Tərəfindən

ABŞ Prezidenti Cozef Bayden Çinin telekommunikasiya nəhəngləri olan “Huawei” (Huawei Technologies Co (HWT.UL)) və ZTE ( ZTE Corp (000063.SZ)) şirkətlərinə məxsus avadanlıqların ölkə ərazisində lisenziya almasını məhdudlaşdıran qanun layihəsini imzalayıb. ABŞ rəsmiləri bunu təhlükəsizlik təhdidlərinə qarşı atılan preventiv tədbir hesab edirlər.

ABŞ və Çin liderlərinin keçirəcəyi virtual sammit ərəfəsində baş tutan imzalanma ABŞ üçün imkan verib ki, adıçəkilən şirkətlərin bütün avadanlıqlarının qeydiyyatını məhdudlaşdırsın. Belə ki, sanksiyalar başlandığı 2018-ci ildən bəri “Huawei”in müraciəti əsasında 3 000-ə yaxın cihaz qeydiyyatdan keçirilib. Yeni qanun isə hər iki şirkətlərin avadanlıqlarının ABŞ bazarına daxil olmasını tam məhdudlaşdıracaq.

Adıçəkilən şirkətlərdən ZTE ölkəmizdə o qədər də məşhur olmasa da "Huawei" ağıllı cihaz istifadəçiləri arasında kifayət qədər məşhurdur. Xüsusən də ABŞ şirkətlərinin eyni funksiyalı cihazlarından müəyyən qədər aşağı qiymətə təklif edildiyi üçün bu şirkətin məhsullarından istifadə getdikcə artmaqdadır.

Dünyanın superdövlətinin belə bir addım atması texnologiya nəhənginin Azərbaycanda xidmət və cihaz satışı kimi fəaliyyətinə necə təsir edəcəyi müzakirələrə səbəb olub.

İnformasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov “Report”a açıqlamasında bildirib ki, ABŞ-da Çin şirkətlərinə qarşı qoyulan sanksiyaların onların məhsullarının satış qiymətlərinə təsir edəcək:

“Bu sanksiya artıq bir neçə ildir ki, “Google”un məhsulu olan “Google Play”in “Huawei”də işləməməsinə və adıçəkilən Çin şirkətinin özünün “Huawei Store” adlı yeni əlavələr bazarı hazırlamasına səbəb oldu. Amma, bu “Play Market”in tam funksional və rentabelli işləməsi üçün illər tələb olunacaq. Təbii ki, şirkət buna kifayət qədər investisiya yatırsa buna gəlib çatacaq, amma hazırda “Huawei” bütün məhsullarının yenilənməsini tam təmin edə bilməyəcək. Bu isə nəticədə şirkətin bazarda rentabelliyini aşağı salacaq və sözsüz ki, qiymətlərə təsir edəcək.

İstənilən halda texnoloji üstünlüyün əldə olunması bazarda tam oturmağı təmin etmir. Çünki, eyni zamanda, bu sistemlərin başqa sistemlərlə paralel işləməsi yaxud proqram təminatlarını dəstəkləməsi lazımdır. Əgər dəstək olmasa insanlar onunla məhdud işlər həyata keçirə biləcək. İnsanlar aldıqları hansısa mobil, yaxud ağıllı cihazda digər şirkətlərin də məhsullarını istifadə etmək istəyir. Belə olmasa, o zaman həmin brendə olan marağı öləcək. Bu da istər-istəməz bazarda qiymətlərin aşağı salınmasına səbəb olacaq. Həmin şirkət isə qiymətləri azaltmaqla bazarda üstünlüyə nail olmağa çalışacaq. Ona görə də qiymətlər istənilən halda aşağı olacaq”.

Ekspert hesab edir ki, bu, həm də şirkətin göstərdiyi xidmətlərin ucuzlaşmasına və istifadəçilərin sayının azalmasına da səbəb ola bilər.

Visiontv.az