ABŞ Dövlət katibi Blinkenin Avropa səfəri başlayıb
23.06.2021

ABŞ Dövlət Katibi Antoni Blinken Almaniyaya yola düşür. Səfərin məqsədi orada Liviya ilə bağlı konfransda iştirak etmək, eləcə də alman həmkarı ilə Holokostun inkarı və antisemitizmə qarşı mübarizə yollarını müzakirə etməkdir.

Almaniya və BMT Liviyada davamlı sülh əldə etmək və hökuməti dəstəkləmək üçün əvvəlki səylərə əsaslanaraq Berlin konfransına ev sahibliyi edir.

ABŞ-ın Liviya üzrə Xüsusi Elçisi Riçard Norland bildirib ki, danışıqlar dekabr ayında keçiriləcək seçkilər, eləcə də konstitusion və hüquqi əsasların yaradılması da daxil olmaqla, tezliklə atılması lazım olan addımların sürətlənməsinə səbəb olacaq. Norland bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada həmçinin bildirib ki, konfransda Liviyanı tərk edən xarici döyüşçülər mövzusu da müzakirə ediləcək.

Siyasi qeyri-sabitlik

Liviya 2011-ci ildə ölkənin uzun müddət lideri olmuş Müəmmar Qəzzafinin NATO-nun dəstəklədiyi üsyan nəticəsində hakimiyyətdən kənarlaşdırılmasından sonra siyasi qeyri-sabitlik içərisindədir. Oktyabr ayında bütün xarici xarici döyüşçülər və muzdlu əsgərlərin 90 gün və ya təxminən 3 ay əzrində Liviyanı tərk etmələri tələb olunun atəşkəs müqaviləsindən əvvəl ölkənin müxtəlif bölgələrində illərlə bir-birinə rəqib hökümətlər fəaliyyət göstərirdi.

"Seçkilərin bu qədər əhəmiyyətli olmasının səbəblərindən biri tam təhlükəsiz və qanuni əsasları olan hakimiyyətin xarici güclərə "əsgərlərinizin getmə zamanı gəldi" deyə bilməsidir" , Riçard Norland bildirib.

ABŞ Dövlət Departamentinin rəsmiləri bildirir ki, bu həftə Blinken ilə Almaniyanın xarici işlər naziri Heiko Maas arasında danışıqların mövzularından biri də Holokostu inkar edən və ya təhrif edənlərə qarşı mübarizə aparmağın vacibliyidir.

"Holokost haqqında məlumat azaldıqca, mənfur şəxslər, təşkilatlar və bəzən hökumətlər Holokostu inkar və təhrif etmək üçün hər cür yola əl atırlar" - deyə, ABŞ-ın Holokost Məsələləri üzrə Xüsusi Elçisi Şerrie Daniels jurnalistlərə bildirib.

Daniels Holokost və onun nəticələri, eləcə də mənşəyi haqqında daha geniş məlumatların təşviq edilməsinin hökumət rəsmilərinə və ictimaiyyətə “antisemitizmin müasir təzahürlərini və hətta digər nifrət formalarını tanımaqda” və bununla mübarizə aparmaqda kömək edəcəyini bildirib.

İslam Dövləti

Almaniyadan sonra ABŞ Dövlət katibi Antoni Blinken İtaliyaya səfər edəcək. Blinken Romada İslam Dövləti qrupunu məğlub etmək üçün İtaliya Xarici işlər naziri Luici Di Maio ilə birlikdə digər bir konfransda iştirak edəcək. Dövlət katibi Blinkenin həmçinin İtaliyada Suriya və ölkənin humanitar ehtiyacları ilə əlaqədar nazirlər səviyyəsində toplantıda iştirak edəcəyi gözlənilir.

Blinkenin Avropa səfərinin daha bir dayanacağı Fransadır. ABŞ Prezidenti Co Baydenin transatlantik ölkələrin əlaqələrini möhkəmlətmək üçün bölgədəki müttəfiqlər ilə keçirdiyi son görüşlərdən sonra Blinken Fransa Prezidenti Emmanuel Makronla görüş keçirəcək.

"Bu, həqiqətən Dövlət katibi Antoni Blinken tərəfindən Prezidentin mesajını təkrarlamaq, qlobal təhlükəsizlik, o cümlədən pandemiya, pandemiyadan saon bərpa və müttəfiqliyimizi möhkəmlətmək, müasirləşdirmək və digər sahələrdə əməkdaşlıq barədə köhnə müttəfiqimizlə danışmaq üçün bir imkandır"- deyə, Dövlət Katibinin Avropa və Avrasiya İşləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bazar ertəsi jurnalistlərə bildirib.

Blinkenin həmçinin Vatikana da səfəri planlaşdırılır. Rikerin bildirdiyinə görə, oradakı görüşlərin gündəliyində iqlim dəyişikliyi və insan alverinə qarşı mübarizənin yer alacağı gözlənilir.

Amerikanın səsi

Visiontv.az