8 gün komada olan yeniyetmə sağlamlığına qovuşub
8 gün komada olan yeniyetmə sağlamlığına qovuşub
28.06.2022 MEDİA Tərəfindən

8 gün komada olan, Mərkəzin üç fərqli şöbəsində çoxsaylı tibbi müdaxilələr görən yeniyetmədən çox gözəl xəbər var.

Kliniki Tibbi Mərkəzin mətbuat mərkəzinin rəhbəri Elnur Hidayətoğlunun Visiontv.az-a verdiyi məlumata görə piyadanın vurulması nəticəsində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən və 8 gün komada olan yeniyetmə artıq sağlamlığına qovuşub. Gətirilərkən süni tənəffüs aparatında olan və qəzadan sonra komaya düşən, Mərkəzin üç fərqli şöbəsində çoxsaylı tibbi müdaxilələr görən yeniyetmə üçün hazırda hər hansı həyati təhlükə yoxdur.  

Yaxınlarının sözlərinə görə, 2010-cu il təvəllüdlü məktəbli 27 may tarixində dərsdən çıxıb, marketə gedərkən yolda maşın vurub. Hadisə Qusar rayonda baş verib.

Seçmə Maverdiyeva, yeniyetmənin nənəsi: 

 “Hadisədən xəbərimiz olan kimi nəvəmi Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Orada ona ilkin tibbi yardım göstərildi. Vəziyyəti çox ağır olduğu üçün təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirdilər. Burada isə bir başa Reanimasiya şöbəsinə yerləşdirdilər. Nəvəmin vəziyyəti çox ağır idi, çox… O qədər ağır idi ki, həyatda qalmağına ümidimiz heç yox idi. Amma buradakı həkimlərin sayəsində o sanki yenidən həyata gəldi. Onların hər birinə “çox sağ ol” deyirəm, nə yaxşı ki, belə həkimlərimiz var. Bütün xərclərimizi icbari tibbi sığorta qarşıladı. Bu qədər xərci qarşılamağa bizim imkanımız yox idi. Bu şəraiti yaradanlara çox minnətdarıq”.

Məlumat üçün deyim ki, yeniyetmə 10 gündən artıq (onun 8 günü koma vəziyyətində) Mərkəzin Reanimasiya şöbəsində qalıb və müvafiq intensiv prosedurlar həyata keçirildikdən sonra tədricən özünə gəlib. Daha sonra qapalı kəllə-beyin travması, beyinin sol alın payının əzilməsi diaqnozu ilə Neyrocərrahiyə şöbəsinə köçürülüb və orada müalicəsi davam etdirilib. Bunun ardınca isə hər iki almacığın, burunun, o cümlədən çənənin sağ və sol payının çoxsaylı, qəlpəli yerini dəyişmiş sınıqları səbəbindən Mərkəzin Üz-çənə şöbəsinə yerləşdirilib. Artıq bu şöbədə də nəzərdə tutulan cərrahi əməliyyatlar uğurla başa çatdırılıb.  

Hazırda yeniyetmənin vəziyyəti stabildir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq.