478 vətəndaşa nağd və qeyri-nağd yardım göstərilib
19.01.2022

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyindən Visiontv.az-a verilən məlumata görə, bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İslandiya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Serbiya, Yunanıstan və Türkiyədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.

2021-ci il ərzində BMqT-nin dəstəyi ilə 442 nəfər könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər ən çox Almaniyadan (354 nəfər), Niderland Krallığından (41 nəfər), Türkiyədən (9 nəfər) və Avstriyadan (8 nəfər) olub.

KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilmiş, bunun nəticəsi olaraq ümumilikdə 478 nəfər yardımlardan faydalanıbr.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 478 nəfərdən 112 nəfərə nağd, 82 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 284 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım olunub.

KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.