Yunan nazir Ankaraya mövcud problemlərin həlli yollarını axtarmağa gəlməmişdi - Elxan Şahinoğlu
Yunan nazir Ankaraya mövcud problemlərin həlli yollarını axtarmağa gəlməmişdi - Elxan Şahinoğlu
16.04.2021 Elxan Şahinoğlu Tərəfindən

Yunanıstanın xarici işlər naziri Nikos Dendiası Ankaraya dəvət ediblər ki, iki ölkə arasındakı gərginliyin azaldılması yolları müzakirə olunsun. O isə türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə qapalı görüşdən çıxaraq birgə mətbuat konfransında qonaq çağrıldığı ölkə haqqında ağır ittihamlar səsləndirdi. Yunan nazir ittihamlarını səsləndirməklə də qalmadı, “Ayasofya ilə bağlı qərarınızı dəyişdirin”, yəni məscidi yenidən muzeyə çevirin kimi məntiqsiz “məsləhət” verdi.

O bununla da kifayətlənməyərək “Yunanıstanın arxasında Avropa İttifaqı dayanır” deməklə Ankaranı hədələməyə çalışdı. Mövlüd Çavuşoğlu yunan həmkarının bu hədəsini belə cavablandırdı ki, problemləri iki qonşu ölkə həll etməlidirlər, üçüncü oyunçu ağır anda ortadan qeyb olacaq. Yəni  Mövlüd Çavuşoğlu Yunanıstana mesaj göndərdi ki, Avropa İttifaqına və ya Fransaya çox da arxayın olmayın, Afina təxribata baş vursa Türkiyəni heç kim dayandıra bilməyəcək.

Əslində yunan nazir Ankaraya mövcud problemlərin həlli yollarını axtarmağa gəlməmişdi. O Ankaradan yunan cəmiyyətinə “mesajlarıyla” göstərmək istəyirdi ki, “sözümü Türkiyənin paytaxtında dedim”. Ancaq yunan nazir anlamadı ki, diplomatiyadan və etikadan kənar çıxışı ilə problemləri daha gərginləşdirdi. Onun bu cür çıxışından sonra iki ölkə arasında ortaq nöqtələr tapmaq müşkül olacaq. Ermənistanın müttəfiqi olan Yunanıstandan bundan artığını gözləmək mümkün deyil.

1999-cu ildə Yunanıstanın Trakya bölgəsində oldum və bu bölgədə türklərin haqlarını necə pozduqlarını müşahidə etdim, çoxsaylı faktlarla tanış oldum. Elə yunan nazir də bugünkü mətbuat konfransında Yunanıstanda yaşayan türkləri israrla “müsəlman azlıq” adlandırırdı, yəni yunanlar türk ifadəsini işlətməyi özlərinə rəva görmürlər.

Visiontv.az