“Yox” deməyi bacaran media qurumları var idi, sonra hamısı yavaş-yavaş “hə” dedilər
16.10.2021

Media mənsubları mətbuatımızın bugünkü vəziyyəti ilə bağlı müzakirələr aparanda həmişə demək olar ki, iki cəbhəyə bölünürlər. Bir qisim mətbuatın öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini deyir, bir qisim əksini iddia edir. Bu gün müsahibimiz tanınmış jurnalist, pressklub.az xəbər portalının baş redaktoru Qabil Abbasoğludur. Onunla mediamızın dünəni və bu günü barədə söhbət edirik. Üst-üstə düşməyən fikirlərimiz də var. Amma müzakirə də elə bu demək deyilmi?

Azad fikir başqa, anarxist düşüncə başqa məfhumdur

- Qabil müəllim, medianın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Müxtəlif dövrlərdə Azərbaycan mətbuatının vəziyyətilə bağlı müxtəlif ifadələr işlədilib, müxtəlif fikirlər yürüdülüb. Mən medianın hazırkı vəziyyəti ilə bağlı ürəkaçan bir söz deyə bilməyəcəyəm. Hesab edirəm ki, Azərbaycan mediası dərin böhran vəziyyətindədir, necə deyərlər “can verir”.

- Bunu nə ilə əlaqələndirirsiniz?

- Son vaxtlar jurnalist etikası, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, elektron mediaya keçid, digər problemlərlə bağlı müxtəlif təlimlər keçirilir, bu, çox yaxşıdır, lakin bunlar bizim medianın əsas problemi deyil. Əsas problemimiz informasiya əldə etməyin çətinliyidir, medianın iqtisadi azadlığının təmin olunmamasıdır. Medianın inzibati-siyasi yolla idarə olunması praktikası illərdir özünü doğrultmur. Bunlar həll olunmadıqca peşə etikası, peşəkarlıq və s. kimi qayğıların aradan qaldırılmasına diqqət ayırmaq vaxt və vəsait itkisidir.

- Amma biz azad fikir söyləyən jurnalist və blogerləri də tanıyırıq. Ya xaricdə otururlar, ya da xaricdən gələn maddi dəstək müqabilində danışırlar. Buna da danışmaq demək olmaz. Ya söyürlər, ya böhtan deyirlər. Bundan o yana gedə bilmirlər. Yəni azadlıq verilmiş medianın da halı budur.

- Azad fikir deyəndə mən bunu nəzərdə tutmuram. Fikir azadlığı başqa, anarxist düşüncə bir başqa məfhumdur. Başqa tərəfdən, jurnalistika ilə sosial medianı bir-birinə qarışdırmaq olmaz. İndi sosial media reallığı yaranıb və biz bu reallıqla barışmaq məcburiyyətindəyik. Sosial media heç bir çərçivəyə sığmır, qanunlara, etik standartlara tabe olmur. “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunla fəaliyyəti tənzimlənən media orqanları şəxslərin özfəaliyyətindən, şəxsi kanal və saytlarından ayrı tutulmalıdır. Biz media orqanı olaraq “KİV haqqında” Qanun və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları çərçivəsində fəaliyyət göstəririk. Bizim bütün fəaliyyətimiz bu iki tənzimləyici sənədə əsaslanır. Məsuliyyətsiz, qanuna və etik qaydalara zidd çıxışlar edən şəxs və qurumların fəaliyyəti üçün medianın məsuliyyət daşımasının tərəfdarı deyiləm. Bu, bildiyimiz ənənəvi media deyil, KİV deyil, bu, texnoloji yeniliklərin yaratdığı reallıqdan istifadə etməklə ortaya çıxan fəaliyyət növüdür.

- İşin ən pis tərəfi budur ki, həmin o blogerlər, özlərini fenomen adlandıran “blogerciklər” bu gün ciddi medianın nə demək olduğunu anlamayan sadə vətəndaşlarda media haqqında yanlış təsəvvür yaradırlar. Bir çoxları onları informasiya mənbəyi hesab eləyir, media savadlılığı olmayan yerdə böyük kütləyə bəlkə də aydın deyil ki, səhih, dəqiq məlumatı əslində kimdən almalıdır. Bu, sanki əyri güzgülər krallığıdır. Özünü bu güzgülərdə “div” boyda görənlər, yalançı kumirlər, sosial media qəhrəmanları aktivistlər, məşhurluğu internetin kəsilməsinə qədər davam edənlər sizin kimi illərini jurnalistikaya həsr etmiş əsl qələm adamlarını kölgədə buraxırlar. Sizcə, medianın çətin vəziyyətə düşməsində oxucu kütləsinin də rolu varmı?

- Maraqlıdır ki, sizin “blogercik” dediyiniz o şəxslərin, yaxud söyüş mediasının fəaliyyətinə kimsə nəzarət eləmir, onlar inzibati-siyasi yolla idarə olunmurlar. Yəni, belə deyək, onların, sui-istifadə etsələr də, söz azadlığına heç bir aidiyyəti olmasa da, bir azadlıqları var. Mütləq də olmasa, daha geniş çərçivədə sözlərini deyə bilirlər. Amma ölkə daxilində yaşayıb-yaradan, illərdir qanun və etika çərçivəsindən kənara çıxmayan peşəkar jurnalistlər müxtəlif media orqanlarında çalışırlar və həmin müəssisələrin fəaliyyət meydanı o qədər də geniş deyil. Siyasət medianı yönləndirməməlidir. Zəif, idarəolunan, mağmın media nə içində olduğu cəmiyyətə fayda verə bilir, nə də zəruri anda dövlətin düşmənləri qarşısında öz peşəkarlığını göstərə bilir. Cəmiyyətdə nüfuzunu itirir. Əl-qolu açılmır, heç nə edə bilmir.

Medianın tam azad olduğu dövr, hələlik olmayıb...

- Amma biz bir zamanlar idarəsizliyi də gördük, onun yaratdığı nəticələri də. Bu da xaosa səbəb olur axı...

- Medianı idarə etmək medianın mahiyyətinə, fəlsəfəsinə ziddir. Açıq cəmiyyət üçün informasiya azadlığı tələb olunur. Geniş fəaliyyətə imkan verilməlidir və oxucu özü seçməlidir. Bir müddət sonra oxucu peşəkarla qeyri-peşəkarı, qərəzli ilə dürüstü, qisasçı, reket ilə vicdanlı yanaşmanı ayırd edəcək. O zaman peşəkar medianın yeri, sanbalı, dediyi sözün çəkisi ayrı tutulacaq. Bu, bizim təcrübəmizdə bu və ya digər şəkildə var. Siz “gördük” dedikdə 90-lar dövrünə işarə edirsinizsə, heç o dövrdə də bizim kütləvi informasiya vasitələrimiz standartlara tam uyğun fəaliyyət göstərməyib. Əvvəl senzura illəri, senzura ləğv olunandan sonra məhkəmə çəkişmələri, daha sonra iqtisadi asılılıq yaradıldı, reklam şəxsi və siyasi mülahizələrə görə verilirdi... Medianın tam azad olduğu dövr, deyərdim ki, hələlik olmayıb. Biz onu arzulayırıq, gözləyirik, təklif edirik və ümid edirik ki, bu, olacaq. Bu cür media formalaşmayana qədər biz bir-birimizi ittiham edəcəyik, səbəbləri kənarda axtaracağıq. Niyə biz xaricdən edilən hücumlara cavab verə bilmirik? İmkan verilməlidir media peşəkarlığını göstərsin, informasiyaya asan çıxış əldə etsin. Bunu edə bilməyən media, əlbəttə, şikəst qalacaq.

Onlara “ yox” deyənlər sonra “Hə deməyə” başladılar...

- Bir zamanlar medianı şikəst edən Əli Həsənov-Vüqar Səfərli tandemi idi. Yəni, onlar getdikdən sonra bütün media orqanları belə dedilər. Bəs zamanında yerlərdən onlara qarşı baş qaldıran, etiraz bildirən olmadımı? Yalnız onlar idilər günahkar?

- “Yox” deməyi bacaran media qurumları var idi, sonra hamısı yavaş-yavaş “hə” dedilər. Bunun səbəbi media qurumlarında deyildi ki... Media qurumu dediyimiz 10-15 nəfərdən ibarət məhdud məsuliyyətli cəmiyyətdir, redaksiyadır, yaradıcı insanlardır. Hansı imkanlarla mübarizə aparacaqdılar? Bütün inzibati resurslar onların əlindəydi. Qəzetlər var idi ki, onların milyon manatları batırdı dövlətin mətbuat yayımı strukturlarında. Qəzeti satırdılar, pulunu vermirdilər. Deyirdilər “pul gəlməyib, satılmayıb” və s. İllərlə məhkəmə davalarımız olub. Müxtəlif üsullarla sıxırdılar və nəhayət, tabe etdirirdilər. Məsələ adda deyil. Ad Əli Həsənov da ola bilər, Vüqar Səfərli də, bir başqası da. Onların haqqında zamanında fikrimi bildirmişəm, mübahisələrimiz də olub. İndi heç nə demək istəməzdim. Əsas məsələ yanaşmadadır. Yanaşma dəyişməlidir.

- Bayaq qeyd etdiniz ki, siyasət medianı yönləndirməməlidir. Amma heç kəs “qəzetin bütün səhifələrini siyasətlə doldur” deyə diktə də etmir axı...

- Elədir. Bir misal çəkim. Azərbaycan Prezidentinin 44 günlük müharibə dövründə informasiya savaşında təkbaşına oynadığı rolu Azərbaycan mediası oynaya bilmədi. Onun dünyanın ən məşhur KİV-lərinə verdiyi, dünyanın yarıdan çoxunda yayımlanan çıxışlarının ölkə içində təbliği bir çox incəliklər tələb edir. Bunu elə etmək lazımdır ki, qlobal səviyyəli bir əməl kiçik çərçivələrdə xırdalanmasın. Demək istədiyim budur.

Nazirliyi tənqid edəndə olursan münafiq

- Mən yenə o fikirdəyəm ki, hətta ən məhdud şəraitdə belə yenə sərbəst fikir yürütmək mümkündür.

- Məncə, sözümüzü demək üçün çərçivə o qədər də geniş deyil. Bir ildir Azərbaycanda müharibə bitib, Qarabağda artıq böyük işlər görülür, layihələr həyata keçirilir. Bu barədə yazırıq. Amma bir ildir orada döyüşmüş adama veteran statusu verilmir. Mən bununla bağlı material hazırlayıram, bu yazını verə bilmirəm. Nə də bu məqalə ilə bağlı mənə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cavab vermir. Buna görə nazirliyi tənqid edəndə də olursan münafiq. Bax, bu çərçivələrdən danışıram.

- Sizcə, indi media kütləni arxasınca çəkir, ya kütlə medianı?

- Mən oxucuya kütlə kimi baxmıram. Oxucunun hansı materiala önəm verdiyinə əsaslanaraq, redaksiya o tipli materiallar hazırlayır, bunu hansı şəkildə, hansı başlıqla təqdim eləmək də hər redaksiyanın daxili işidir. Məncə, heç kim heç kimi arxasınca çəkib aparmalı deyil. Nə oxucu medianı, nə media oxucunu, nə də hökumət onların heç birini. Hərə öz işini peşəkar səviyyədə görsə, cəmiyyətimiz üçün həll olunmamış problem qalmayacaq.

Söhbətləşdi:

İlhamə Rəsulova

Yeniazerbaycan.com