Yazılar elə üslübda tərtib olunur ki, onları oxuyan azərbaycanlıların barbar olduğunu düşünür - Ərəstun Oruclu
Yazılar elə üslübda tərtib olunur ki, onları oxuyan azərbaycanlıların barbar olduğunu düşünür - Ərəstun Oruclu
17.11.2020 Ərəstun Oruclu Tərəfindən

Erməni lobbiçiləri indi də müxtəlif nəşrlərdə Azərbaycanın nəzarətinə keçən ərazilərdə erməni irsinin qorunmasının zəruri olmasını qabardırlar. Belə yazılar elə üslübda tərtib olunur ki, onları oxuyan az qala hər kəs qeyri-iradi azərbaycanlıların barbar olduğunu düşünür.

Buna qarşı nə etməliyik?

1. İlk növbədə erməni işağalı altında olmuş bütün şəhər və kəndlərimizdə məzarların dağıdılması, məscidlərin və tarixi abidələrin vandalizmə məruz qalması haqda yüzlərlə faktı sənədləşdirib müvafiq beynəlxalq qurumlara təqdim etməliyik.

2. Həmin faktları əks etdirən 20-30 dəqiqəlik səndəli filmlər hazırlayıb, onları müxtəlif dillərdə internetdə yaymalıyıq. Dünyaya göstərməliyik ki, bu əməllərin sahibi həmin o, "qədim mədəni xalqdır". Amma belə filmlər yalnız faktlar əsasında və peşəkar səviyyədə tərtib olunmalıdır.

3. Bütün bu məsələlərin işıqlandırılması və dünyanın müxtəlif ölkələrində insanların diqqətinə çatdırılması üçün bu sahədə təcrübəsi olan lobbi təşkilatları ilə müqavilə imzalayaraq, onların imkan və xidmətlərindən yararlanmalıyıq.

4. Hər zaman olduğu kimi, yenə də erməni məzarlıq və məbədlərinin toxunulmazlığını təmin etməliyik. Zaman-zaman onların vəziyyəti haqda foto və video materiallar hazırlayaraq yaymalıyıq.

5. İşğal dövründə törədilmiş vandalizm aktlarına görə Ermənistana qarşı məhkəmə iddiaları qaldırıb təzminat tələb etməliyik. Belə iddiaların təmin olunmasından çox onların gündəmə gələrək müzakirə olunması vacibdir.

6. İnternet trollarına xərclənən pulları rəsmi profillərin yaradılmasına və fəaliyyətinə xərcləyərək ermənilərin törətmiş olduqları vandalizm aktlarını müntəzəm olaraq sosial şəbəkələrdə peşəkar səviyyədə yaymalıyıq.

Bu, təkcə tarix və mədəniyyət sahəsində mübarizə deyil, ümumi mübarizəmizin çox önəmli bir parçası olmalıdır.

Visiontv.az