Xalq şairi Səməd Vurğunun 115 illiyinə həsr olunan konfrans keçirilib
31.03.2021

Odlar Yurdu Universitetində Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr olunan videoformatda onlayn “Respublika elmi-praktik konfransı” keçirilib.   Konfransı giriş sözü ilə Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyev açıb.

Professor, görkəmli şairin ədəbiyyatımızın qızıl fonduna bəxş etdiyi, poeziyamızın qiymətli incilərindən sayılan əsərlərindən və onun ədəbi irsinin özündən sonrakı Azərbaycan poeziyasına böyük təsirindən bəhs edib. Rektor, çıxışı zamanı Ulu öndər Heydər Əliyevin  hər zaman  Xalq Şairi Səməd Vurğuna xüsusi hörmət bəsləməsindən və onun irsini yüksək qiymətləndirməsindən danışıb.
 
Daha sonra konfransı Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müdiri, akademik Nizami Cəfərov  “Səməd Vurğun irsi və azərbaycançılıq”, Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müdir müavini Osman Musayev “Səməd Vurğun ədəbiyyatşünas alim kimi”, Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.f.d. Aynurə Paşayeva isə “Səməd Vurğunun uşaq ədəbiyyatının inkişafındakı rolu” mövzularındakı çıxışları və dəyərli müzakirələri  ilə davam etdiriblər.

Məruzəçilərin təqdimatından sonra Odlar Yurdu Universitetinin tələbələrinin təqdimatında Səməd Vurğun yaradıcılığından nümunələrin yer aldığı bədii hissəyə yer verilib.

Səbinə Məmmədova “Ana” , Mətanət Şahpələngova, Mələk Cəfərzadə, Aişə Məmmədova, Aysel Məmmədli, Gülçin İsmayılzadə, Ayşə Qaravəliyeva  “Azərbaycan” poeması, Ülkər Orucova “Şuşa”, Nigar İmanova “Şair nə tez qocaldın sən”, Elnurə Qəhrəmanova “Yadıma düşdü”, Fidan Nəbiyeva “Mən tələsmirəm”, Nərmin Alışanlı “Şairin ölümü”, İncə Bəşirzadə “Səməd Vurğun yaradıcılığında Vaqif obrazı”, Aytac Xəlilova “Səməd Vurğun yaradıcılığında qadın obrazları”, Fatimə Babayeva “Həyat eşqi”, Bibixanım Daşdiyeva “Dağlar” şeiri, Əfsanə Xeyrullayeva  “Səməd Vurğunun qəzəli”, Fidan Nəbiyeva və Səftər Ağayev “Fərhad və Şirin” poeması ilə çıxış edib.