Xalq düşüncəsindən, əfsanələrdən doğulan fəlsəfəmiz və ya İlaxır çərşənbəsi...- Səlahəddin Xəlil
Xalq düşüncəsindən, əfsanələrdən doğulan fəlsəfəmiz və ya İlaxır çərşənbəsi...- Səlahəddin Xəlil
16.03.2021 Səlahəddin Xəlilov Tərəfindən

Dörd ünsürdən çox yazılıb və çox vaxt da onların gah birinə, gah da o birinə ilkinlik verilib. Necə ki, Fales suyun, Anaksimen havanın, Heraklit atəşin ilkinliyindən çıxış edirdi... Ya da dörd ünsür eyni zamanda başlanğıc kimi, - Çarvaklar təlimi, Empedokl və s.

Amma həyatın necə yaranması, torpağın necə canlanması və bu prosesin dövriliyi ilə biz ancaq Türk mifik düşüncəsində rastlaşırıq:

Torpaq - Su - Od - Hava/Yel... və yenə Torpaq! 

Artıq canlanmış, nəfəs alan torpaq! Dörd təməlin hamısını ehtiva edən sintez məqamı - "İlaxır"!

"Öncə Yer və Göy var idi. 

Onlar bir-birinə tamaşa etməkdən doymurdu. Amma ayrı düşmüşdülər və bir-birinin həsrətini çəkirdilər. Bu həsrətin göz yaşlarından su yarandı.

Yerdə torpaq və su var idi. Amma onlar da ayrı idilər. 

Nəhayət... Göy ilə Yer arasındakı eşqdən və onların izdivacından Yer canlandı və həyat yarandı:

Göy Yerə istilik və işıq payı, Yer də Göyə su payı göndərdi. Göy Yerin göndərdiyi suyu quru torpaqların üstünə çilədi - yağış yağdı.

Amma yağış daha göz yaşı deyildi, sadəcə su payı da deyildi, Ozan demiş:

Yağış ancaq bəhanədi,

Göydən Yerə bir namədi.

Su ilə təmasdan İslanmış torpaq Günəşin istisindən, hənirtidən canlandı... Səma ilə, hava ilə təmasdan Yer nəfəs almağa başladı...

Yer və Göy nəfəslə, hənirti ilə birləşdi.

Göydən - Günəşdən gələn nemət ikiləşdi, - istiliklə bahəm işıq da doğdu.

İşıq sayəsində görmək imkanı yarandı və ağılın təməli də işıqla qoyuldu. 

Beləcə... İnsan yaranmış oldu.

Yaşadı, yaratdı, qocaldı, öldü və... bədəni yenidən torpağa qarışdı, ruhu yenidən göylərə qovuşdu!"

P.S.

İlaxır çərşəmbəmiz mübarək olsun!

Visiontv.az