Vətəndaşlarımızın rəğbətini və ehtiramını qazanmış ictimai-siyasi xadim
Vətəndaşlarımızın rəğbətini və ehtiramını qazanmış ictimai-siyasi xadim
27.08.2021 Nəsib Məhəməliyev Tərəfindən

Tarixən Azərbaycn qadınları siyasi və ictimai həyatda fəal olublar. Bu gün də qadınlar müxtəlif sahələrdəki fəaliyyətləri ilə ölkəmizdə gedən proseslərə öz töhfələrini verirlər. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında isə Azərbaycan qadınının cəmiyyət həyatındakı layiqli yeri, nüfuzu, dövlətə və xalqa xidmət missiyası və işgüzarlığı daha yaxından görünür.

Eyni zamanda xeyirxahlıq məbədi kimi tanınan Heydər Əliyev Fondunun rəhbəri olan, UNESCO və ICESCO-nun xoşməramlı səfiri adını daşıyan Mehriban Əliyeva barədə söz açarkən ilk yada düşən onun insanlara yaxşılığı, qayğısı, ehtiyacı olanlara əl tutması və xeyriyyəçiliyidir. Heç təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadılmasına və təbliğinə xidmət edən fond ilk gündən xeyriyyəçiliyi öz fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevirib. Mehriban Əliyeva diqqətini daim əhalinin sosial baxımdan ehtiyacı olan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Eyni zamanda xalqımızın genetik fondunun qorunub saxlanması problemlərinə cəmiyyətin diqqətini cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir. Buna görə talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yönəlmiş müxtəlif proqramların həyata keçirilməsini dəstəkləyir.

Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanı xarakterizə edən digər mühüm göstəricilərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasına və Azərbaycanın dünyada təbliğinə böyük önəm verməsidir. İstər Heydər Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki,  milli mədəniyyətimizin qorunması və dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət missiyasının əsas istiqamətlərindəndir. Hansı ki, bunlar son nəticədə əsas dövlətçilik məqsədini - Azərbaycanın dünyada tanıdılmasını uğurla təmin edib.

2005-2017-ci illərdə Milli Məclisin deputatı olan Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyəti də parlament tariximizin şərəfli bir səhifəsidir. Seçicilərə diqqət və qayğısı, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban xanım Milli Məclisin müzakirəsinə təqdim etdiyi layihələrlə qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verib. Cəmiyyət üçün ciddi təhlükə törətməyən minlərlə insanın onun təşəbbüskarı olduğu amnistiya aktı layihələri əsasında məhbəsdən azadlığa çıxması Mehriban xanımın deputatlıq fəaliyyətinin xoş məqamı kimi hər zaman böyük rəğbətlə xatırlanır.

İctimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də mənim də sıralarında təmsil olunduğum Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Öz fəaliyyəti ilə partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir. Təbii ki, Mehriban Əliyevanın fəaliyyəti bununla bitmir. Azərbaycanda səhiyyənin, təhsilin, məktəbəqədər təhsilin inkişafında onun gördüyü işlər ölçüyəgəlməz qədər çoxşaxəli və misilsizdir.

Mehriban Əliyeva cənab Prezident İlham Əliyev tərəfindən ona həvalə edilən bütün vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. “Eurovision” mahnı müsabiqəsində, I Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında onun rəhbərlik etdiyi Təşkilat Komitəsi ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoyub.

Mehriban Əliyeva bütün cəhətləri ilə vətəndaşlarımızın rəğbətini və ehtiramını qazanmış siyasi-ictimai xadimdir. Ona görə onun 2017-ci ildə ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması xalqın ürəyindən xəbər verən hadisə kimi tarixə düşdü. Mehriban Əliyeva ilk gündən Birinci vitse-prezident kimi dövlətə və xalqa layiqli xidmətin nümunəsini ortaya qoyub, Azərbaycanın yüksəlişinə, dünyada təbliğinə yeni töhfələr verib. Mehriban Əliyeva bu gün də sosial qayğıya, köməyə ehtiyacı olanların yanındadır. Biz bunu xüsusən pandemiya dövründə daha yaxından gördük.

44 günlük Vətən müharibəsində isə Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qaşılandı. Bu hadisə bir daha Mehriban Əliyevanın vətən və insan sevgisinin tərənnümü oldu. Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə Mehriban Əliyevanın müraciətləri, “Instagram” səhifəsindəki paylaşımları xalqımızın bir amal uğrunda səfərbər olmasına xidmət etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və hər cəhəti ilə dövlətimizə və vətəndaşlırımıza xidmət edən fəaliyyəti nəticə etibarilə Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasında, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsində müstəsna rol oynayır. İndi Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyur və qarşıda bizi yeni möhtəşəm uğurlar gözləyir. Həmçinin işğaldan azad olunmuş torpaqlarımız yenidən qurulur. Görünən həm də odur ki, Mehriban Əliyeva öz fəaliyyəti ilə Qarabağın dirçəlişi prosesində də yaxından iştirak edir.

Mehriban Əliyeva üçün əziz olan bu gündə ona yeni uğurlar arzulayırıq. Əminik ki, Mehriban Əliyeva nümunəyə çevrilən missiyası ilə bundan sonra da dövlətimizin və xalqımızın yüksəlişinə böyük töhfələr verəcək.



Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı

visiontv.az