Urmu gölünün quruması Tehran rejiminin fəaliyyətləri ilə bağlıdır
16.06.2024

Son illər Energitika Nazirliyinin on milyardlar dollar hesabına inşa etdiyi bəndlər faydasız olub, Urmu gölünün quruması ilə yanaşı otlaqların, tarixi yerlərin və dəyərli torpaqların su altında qalaraq məhv olması ilə nəticələnib.

Bu sözləri "Dideban Kuhestan" Assosiasiyasının başçısı və ətraf mühit fəalı Abbas Məhəmmədi deyib.

O, Urmu gölünün hazırkı durumunun acınacaqlı olduğuna diqqət çəkərək, prosesin belə davam edəcəyi təqdirdə təbiət abidəsinin tamamilə quruyacağı barədə xəbərdarlıq edib.

"Gölü axan çayların qarşısında onlarla bənd tikilib və bu Urmu gölünün su ilə təmin olunmasının qarşısını alıb",- deyə ekoloq bildirib.

Abbas Əbdi son mövsümi yağıntılardan sonra göldə su həcminin nisbi şəkildə artmasını aldadıcı adlandırıb, gölün bərpası üçün həm də bölgədə aparılan qeyri-üsuli və çox su tələb edən məhsulların əkininin dayandırılmalı olduğunu söyləyib.

Ekoloq bununla yanaşı Urmu gölü ətrafında çox sayda quyuların qazılmasının da quruma prosesinin sürətlənməsinə səbəb olduğunu, bunun məsuliyyətinin hökumətin üzərinə düşdüyünü qeyd edib.

Qeyd edək ki, mövsümi yağıntılardan sonra hazırda Urmiya gölünün sahəsi 1790 kvadrat kilometrə, su həcmi isə 2 milyard 34 milyon kubmetrə çatıb.

Nəzərə almaq lazımdır ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

visiontv.az