Urbanistik şeir üçün sosial mühit də urbanistik olmalıdır
19.11.2025

Həmid Herisçinin şeri, həm də urbanistik şeri diriltmə manifesti üzərində düşünüləsi məsələdir.

Urbanistik şeirdən ötrü şəhər mühiti övladını şair doğub böyütmək üçün münbit şərtlərə sahib olmalıdır. Bakı mühiti isə hətta kənddən şair gələnləri də öz məişət girdabına bulaşdırıb məhv edir.

İkincisi, Bakı urbanizasiyası həmişə yad xalqların, yad düşüncələrin ixtiyarında olub. Keçən əsrin əvvəlində Bakının şəhər mühitində yaşayan əhalisinin 64 faizi gəlmələr idi. Bu gəlmələr əsl bakılıları urbanistik mərkəzdən qovub Bakı kəndlərinə sıxışdırmışdılar. Urbanistik şairin doğulması üçün urbanistik ənənələr lazımdır.

Üçüncüsü və ən acınacaqlısı Bakıda şairə olan qeyri-ciddi münasibətdir. Məsələn, Ankarada bilsələr ki, şairsən hamı səni bir addım önə çıxarar, Bakıda biləndə ki, şairsən hamı səni aşağılamağa, ələ salmağa çalışır. Bakıda şairin dünyadan xəbəri olmayan bir əbləh adam obrazı var. Bu da əslində medai vasitəsilə cəmiyyətə yoluxdurulmuş müəllif sözünü etibarsızlaşdırmaq siyasətinin nəticəsidir.

Qəzetlər niyə bağlandı? Çünki qapılarından qovduqları müəlliflərin lənətinə tuş gəldilər. Bu gün yalnız şairlərin hesabına istənilən qəzeti yüz min tirajla nəşr etmək və satmaq mümkündür. Çünki orijinal söz və fikir (həqiqi) şairdədir, (həqiqi) yazıçıdadır, (həqiqi) filosofdadır, yəni (həqiqi) müəllifdədir.

Bakıda isə şair adı gələndə ironik bir tonda deyirlər: əşi, şairdi də. Yəni avara, axmaq adamdı. Bunu o öklənin adamları deyir ki, tarixinin bütün dövrlərində mədəniyyəti şairlərdən döllənib. Bunu o ölkənin adamları deyir ki, sərhədi keçəndə yanında Nizami, Füzuli, Nəsimi olmasa bir afrikalıdan heç bir fərqi qalmaz. Bunu o ölkənin adamları deyir ki, hətta Elmlər Akademiyasını yaradanda üzvlərin siyahısı şair, yazıcı, bəstəkar adlarıyla başlayırdı, sonra başqa xalqlara məxsus alimlərin adlarıyla davam edirdi.

Urbanistik şeir üçün sosial mühit də urbanistik olmalıdır. Şəhər həyatına yalnız maaşla bağlanan insan urbanistik şeir yaza bilməz, sadəcə, onu yamsılaya, qondara bilər.

Aqşin Yenisey

visiontv.az