Unudulmaz aktyorumuz Hamlet Xanızadə...Bu gün onun doğulduğu gündür...
Unudulmaz aktyorumuz Hamlet Xanızadə...Bu gün onun doğulduğu gündür...
05.06.2023 MEDİA Tərəfindən

Güclü yaradıcı potensiala malik olan Hamlet Xanızadə zəngin daxili aləmə və istedada malik idi. Hansı rolu oynamasından asılı olmayaraq onun təqdim etdiyi obraz canlı və yaddaqalan alınıb. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Hamlet rollarının daxili aləminə məharətlə nüfuz etməyi, onları təbii və səmimi çatdırmağı bacarıb.

Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Uşaqlıqdan teatra həvəsi olub. Teatr İnstitutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayıb.  Həsən Səbbah ("Xəyyam"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") rollarını ustalıqla yaradıb.

Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları olub. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb.

Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni kino sənətindəki xidmətləri təşkil edib. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı", "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi.

Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib.

Bünyamin Bünyadzadə

Visiontv.az