"Ümid edirik ki, yaxın zamanlarda teatrlarımız yenidən öz qaynar dönəminə keçid edə biləcək"
"Ümid edirik ki, yaxın zamanlarda teatrlarımız yenidən öz qaynar dönəminə keçid edə biləcək"
10.03.2021 Qənirə Paşayeva Tərəfindən

Bugün Azərbaycanda Milli Teatr Günüdür. Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. XIX yüzilin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyət tariximizdə böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.

Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov önəmli rol oynamışdı. Həmin tamaşa ilə Azərbaycanda peşəkar milli teatrın əsası qoyuldu.

Milli teatrın inkişafında ünlü xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti oldu.

O, Bakı şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyli qardaşlarının da böyük əməyi olmuşdur.

Xalq Cümhuriyyətin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında önəmli keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Teatrın pərdələri ilk dəfə 1918-ci il, noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı.

Kəskin ideoloji dəyişiklikləri, totalitar basqıları unutmadan, qeyd edək ki Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti, teatra dövlət qayğısı baxımından daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı bir sıra əsərlər də repertuarlarda geniş yer ala bilmişdi.

Dövlət müstəqilliyinin elan olunmasından bəri teatrlaerımızın repertuarı yeni məzmunla, deyə bilərik, yeni forma ilə zənginləşib. Yuğ Teatrı, Pantomim Teatrı, Uşaq Teatrı və b. teatrlar fəaliyyətə başlayıb. Dünya teatr tendensiyalarını və qanunauyğunluqlarını bilən, tətbiq edən istedadlı aktyorlar nəsli yetişməkdədir. Ümummilli liderimizin, indiki ali dövlət rəhbərliyimizin teatrlara danılmaz diqqət-qayğısı vardır. Bir sıra teatrlar təməlli təmir-bərpa edilib, yeni avadanlıqlarla təchiz edilib və s. 

Pandemiya dönəmində teatrlarımız öz zallarını tamaşaçıların üzünə aça bilməsə də, teatr-tamaşaçı irtibatı kəsilməyib, bir sıra teatrlarımız virtual tamaşaçılarla öz sadiq tamaşaçılarının zövqünü oxşamağa çalışır. Ümid edirik ki, yaxın zamanlarda teatrlarımız yenidən öz qaynar dönəminə keçid edə biləcək.

Azərbaycan teatrının inkişafında rol oynamış mərhum sənətkarları rəhmətlə anırıq!

Azərbaycanıb bütün teatr mənsublarını, sənətkarlarımızı, gənclərimizi - hər kəsi Milli Teatr Günü münasibəti ilə ürəkdən təbrik edir, yeni uğurlar diləyirik!

Qənirə Paşayeva