Ukraynada bilirlər ki, onlara real kömək edə biləcək tək ölkə ABŞ-dır - Elxan Şahinoğlu
Ukraynada bilirlər ki, onlara real kömək edə biləcək tək ölkə ABŞ-dır - Elxan Şahinoğlu
03.04.2021 Elxan Şahinoğlu Tərəfindən

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Vaşinqtona bu sözlərlə müraciət edib: “Ukraynanın əsas gözləntilərindən biri Donbass və Krımın işğaldan azad olunması prosesində ABŞ-ın daha aktiv və ən əsası, təcili iştirakıdır”. Kuleba Vaşinqtonun bu məsələni diqqətində saxlamalı olduğunu, Ukraynanın təhlükəsizliyinin həm Avropa, həm də Avro-Atlantik məkanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. Kulebanın sonrakı cümləsi də maraqlıdır:

“Biz hələ də ABŞ rəhbərliyindən konkret və düzgün addımlar gözləyirik”. Bu cümlədə “hələ də...” ondan xəbər verir ki, Kiyev Barak Obamanın prezidentliyi dövründə olduğu kimi Co Baydenin də Rusiyanın növbəti işğal planına qarşı gecikəcəyindən narahatdır. O zaman gecikdilər, Krım işğal olundu, indi də geciksələr Ukraynanın yarısı gedəcək. 

Ukraynada bilirlər ki, onlara real kömək edə biləcək tək ölkə ABŞ-dır. Fransa və Almaniyadan real dəstək gözləmək yersizdir. Berlini bu gün daha çox Rusiyadan alacaq qaz və mavi yanacağı çatdıracaq boru xəttinin tikintisinin tamamlanması maraqlandırır. Ukraynanın Rusiyanın işğal planından qurtulma yolu bu ölkənin NATO üzvlüyünə qəbulundan keçir. Ukrayna NATO üzvü olmadan və bu ölkədə Amerikanın hərbi bazaları yerləşdirilmədən Kiyev qonşusunun məkrli planlarından heç zaman qurtulmayacaq.