Ukrayna XİN-nin Xəzər regionu ölkələrinə müraciəti: Rusların Xəzərdən Ukraynanı raket atəşinə tutmasının qarşısını alın
Ukrayna XİN-nin Xəzər regionu ölkələrinə müraciəti: Rusların Xəzərdən Ukraynanı raket atəşinə tutmasının qarşısını alın
01.07.2022 MEDİA Tərəfindən

Ukrayna Xəzər regionu dövlətlərini Rusiya Federasiyasını beynəlxalq hüquqi öhdəliklərə, xüsusən də Xəzərin hüquqi statusu haqqında Konvensiyaya əməl etməyə məcbur etmək üçün “hər cür səy göstərməyə” çağırıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatında deyilir.

“Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlərlə istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həll edilməsi” nəzərdə tutulur. Ukraynanın şəhərlərinin Xəzər regionundan raket atəşinə tutulması konvensiyanın müddəalarını kobud şəkildə pozur”, - məlumatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi konvensiyada iştirak edən ölkələri Rusiya Federasiyasını “Ukraynaya qarşı silahlı təcavüzü davam etdirmək üçün Xəzər dənizinin sularından istifadəni dayandırmağa” təşviq etməyə çağırıb.

Qeyd edək ki, İyunun 29-da Türkmənistanda Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya Federasiyasının dövlət başçılarının iştirakı ilə VI Xəzər Sammiti keçirilib.

Əli Əliyev

visiontv.az