Türkiyədə keçmiş admiralların bəyanatı hüquqi, demokratik dövlət üçün məqbul sayıla bilməz - deputat Nəsib Məhəməliyev
06.04.2021

Mütəxəsislərin fikrincə Türkiyədə 104 keçmiş admiralın, daha sonra isə 100 sabiq millət vəkilinin yaydığı etiraz açıqlamalarına səbəb məhz Montrö anlaşmasıdır. Belə ki, 1945-46-cı illərdə ABŞ, Böyük Britaniya və SSRİ anlaşmanın bəzi müddəalarının dəyişdirilməsinə çalışsalar da, buna nail ola bilmədilər. Montrö anlaşması isə 20 il müddətinə bağlanılır və 20 ilin başa çatmasına 2 il qalmış ona etiraz etməzlərsə sənədin müddəti daha 20 il uzadılır.

Qeyd edək ki, artıq həmən 20 illik müddət başa çatmaq üzrədir. Bu baxımdan təqaüddə olan 104 admiralın və keçmiş millət vəkillərinin Türkiyənin anlaşmaya etiraz etmək niyyətinə qarşı çıxış etmələrinin əsas səbəbinin nədən və haradan qaynaqlandığına aydınlıq gətirmək üçün Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbət etdik.

- Nəsib müəllim Türkiyədə baş verən son hadisələri Bayden adminstrasiyasının Ərdoğana vəd etdiyi "sürpriz"lə əlaqələndirmək olarmı?

-Bu məsələ qardaş ölkənin daxili işi olduğuna görə bizim birbaşa müdaxiləmiz etik baxımdan doğru sayılmasa da, orada baş verən hadisələr hər birimizi narahat etməyə bilməz. Təqaüddə olan 104 admiralın gecəyarısı imzaladığı birgə bəyanat, uzun müddət müzakirə predmetinə çevrilmiş yeni İstanbul kanalının tikintisinin qarşısının alınması və 1936-cı ildə imzalanmış Montrö sazişi  ilə əlaqələndirilir. Düşünürəm ki, həmin şəxslər 5-ci kolonun nümayəndələridir və bu aysberqin görünən tərəfidir. Əsas məsələ Türkiyənin güclü, müstəqil geosiyasi aktyor kimi siyasət aparmasının qarşısını almaqdır. Müasir Türkiyə Cümhuriyyətinin tarixinə baxsaq, müxtəlif zamanlarda dövlət çevrilişlərinin, o cümlədən hərbi çevrilişlərin tez-tez baş verdiyini, çoxsaylı növbədənkənar seçkilərin, müxtəlif siyasi oriyentasiyalı koalisiya hökumətlərinin ölkəni xaosa sürüklədiyinin şahidi olarıq. Adnan Menderesin hakimiyyətə gətirildikdən qısa zaman sonra dar ağacından asılması, 2016-cı il 15 iyul FETO kimi acı təcrübələr var.
Baydenin Ərdoğana qarşı türk müxalifətçilərini dəstəkləməsi, Amerikanın Suriyanın, İraqın şimalında kürd terror təşkilatlarını silahlandırması , bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilməsi üçün əsas verir.  S-400 sistemləri ilə bağlı Türkiyə-Rusiya əməkdaşlığı da ənənəvi müttəfiqlər arasında olan münasibətlərə soyuqluq gətirmişdir.
 Ancaq bütün bu "sürprizlər" onu hazırlayanlara uğur gətirməyəcəkdir. Türkiyə artıq əvvəlki vassal dövlət deyil. İqtisadi və hərbi cəhətdən kifayət qədər inkişaf etmiş ölkədir. Yüksək texnologiyalara malikdir.

-Növbəti addım prosesə müxalif partiya olan CHP-nin müdaxiləsi, hadisələri siyasiləşdirmək və kütləvi etirazların təşkil edilməsi mümkündürmü?

- Prezident Ərdoğan bütün siyasi partiyaları hadisəyə münasibət bildirməyə çağırdı. Əksər partiyalar ədalətli mövqe bildirsələr də, təəssüf ki, CHP -nın mövqeyi hələ tam bəlli deyil. Ümumiyyətlə, o partiyanın siyasi xətti, dahi Atatürkün ideyaları ilə üst-üstə düşmür. Mümkündür ki, FETO məsələsində olduğu kimi, bu məsələdə də öz siyasi məqsədlərinə çatmaq üçün  dövlətin əleyhinə istifadə etsin. Amma heç bir perspektivi yoxdur.

-ABŞ-ın yeni adminstrasiyası FETO-nu Türkiyədə yenidən siyasi gücə, oyunçu etməyə çalışacaqmı?

-15 iyul hərbi çevrilişə cəhdin nəticəsində 250-dən yuxarı günahsız insan həlak oldu. 3000-ə yaxın mülki şəxs yaralandı. Belə bir ağır dövləti cinayətdən sonra Fətullah Gülən kimi cinayətkarın Türkiyəyə verilməməsi bir çox məqamlara aydınlıq gətirdi. FETO variantı artıq keçərli deyil. Ancaq əməkli admiralların bəyanatı göstərdi ki, başqa variantlar ola bilər. Ancaq düşünmürəm ki, bu təxribatlar baş tutsun. Admiralların bəyanatı hüquqi, demokratik dövlət üçün məqbul sayıla bilməz. Əgər onları iqtidarın və müxalifətin apardığı siyasət qane etmirdisə, məntiqlə yeni siyasi partiya yaradaraq, seçkilərə qatılmalı, xalqın etimadını qazanmalı idilər. İndiki halda, onların əməli cinayət kimi qəbul olunmalı və hüquqi qiymətini almalıdır. Əks halda, Qardaş ölkəni ciddi sınaqlar gözləyir. Dövlətin və xalqın gələcəyi naminə ciddi, qətiyyətli addımlar atılmalıdır.

İlahə Əliyeva

Visiontv.az