Türk seriallarındakı tarixi səhvlər...
19.11.2025

Türk seriallarındakı tarixi səhvləri yazmağı artıq adət edinmişəm. Payitaxt Əbdülhəmid serialındakı bəzi səhnələrə baxdıqda insan həqiqətən əsəb olur. Edmond Rotşildin İstanbula gəlməsi doğrudur, lakin tarixlər və Əbdülhəmidlə serialdakı sərt görüşü yalandır. Rotşildlər ilə Osmanlılar arasındakı ilk təmas 1828-1829-cu illərdə rus-osmanlı savaşı zamanı Rotşildlərin Tuna garnizonu üçün buğda satışı ilə başladı və bu təmasları təşkil edən Avstriya kansleri Metternix idi.

İlk borclanma isə 1856-dan sonra yəni Krım müharibəsi səbəbi ilə alındı. İstanbula gələn Nataniel Rotşild sultan Əbdülməcid ilə görüşmüş və Fransa hökümətinin zamin durması ilə Osmanlılara 10 milyon sterlin borc verilmişdi. 2-ci borc dalğası isə Sultan Əbdüləziz zamanında alındı və səbəb isə Əbdüləzizin ingilislərdən sonra dünyanın ən böyük ikinci donanmasını qurmaq istəməsi idi. İngilis və Fransız hökümətlərinin tövsiyyəsi ilə Rotşildlərdən alınan borcların hesablanması üçün Düyunu Umumiyə quruldu.

Əbdülhəmid dövründə 1877-1878 rus-osmanlı savaşından sonra xüsusilə Galata bankirləri tərəfindən verilən borcları, özəlliklə yəhudi əsilli Alatini, Fernandez ailələrini vurğulamaq lazımdır. Obyektiv olmaq lazımdırsa Əbdüldəmid borcların bir qismini çətində olsa ödəməyi bacarmışdı. Lakin, 1908-dən sonra taxtdan endirilib yerinə İttihatçıların keçməsi ilə bu borc iki misli yenidən artdı. Xüsusilə Tələt paşa xətti ilə Rotşildlərlə təmas qurulmuşdu. Edmond 1894-1895-ci illərdə Fələstində artıq kolonialar qurmuş və Əbdülhəmiddən bir çox imtiyazlar qoparmışdı. Herzl sonrası dünya sionist konqresinin rəhbəri seçilən Hayim Veizman Rotşildlərin qızı ilə ailə həyatı qurmuşdu və İsraelin quruluşunda demək olar ki, ən vacib oyunçu idi.

Seriallarda heç şübhəsiz ki, Rotşildlərin Əbdülhəmidə hədiyyə etdikləri sigarlar, Əbdülhəmidin Edmonda hədiyyə etdiyi Məcidiyə nişanından bəhs edilmir. Əcaba ssenaristlər bugün açıq olan Rotşildlərin ailə arxivinə niyə baxmayıb..? Və yaxud Əbdülhəmidə ən sadiq olan Təhsin Paşanın Yıldız sarayı xatirələri əsərini oxumayıblar..? Tarix seriallardan, dərsliklərdən deyil, arxivlərdən öyrənilir. Serialda Əbdülhəmidi dinci, xilafətçi göstərmək yerinə, onun gözəl fransızca bilməsi, sarayda opera dinləməsi və ayrıca ingilislər ilə yaxın münasibətlərindən yazmaq olmazdımı...? Əbdülhəmidin namizəd olaraq seçilməsində vəzir Mithat Paşa ilə ingilis səfir Sir Henry Elliotun rol oynadığını demək bu qədər çətindir..? 

Pərviz Əliyev

visiontv.az