Torpağın sahibi Rusiya "sülhməramlısı" deyil, onun yolunda canını, qanını fəda eləmiş Azərbaycan əsgəridir - Ərəstun Oruclu
Torpağın sahibi Rusiya "sülhməramlısı" deyil, onun yolunda canını, qanını fəda eləmiş Azərbaycan əsgəridir - Ərəstun Oruclu
16.12.2020 Ərəstun Oruclu Tərəfindən

Son günlərin hadisələri bir daha ictimai rəyin nə qədər önəmli və təsirli olduğunu göstərdi. Düzdür, bəzi dostlarımız ölkədəki ictimai rəyin hakim zümrə tərəfindən manipulyasiya olunduğunu və onun marağına uyğun yönəldildiyini iddia edirlər, amma bu, heç də təqdim olunduğu qədər sadə və birmənalı deyil.

Əvvəla, heç kim nə hakimiyyətin ictimai rəyə təsirini, nə də onun miqyasını inkar eləmir və dövlətin maraqları məsələsində bunun nəinki heç bir ziyanı yoxdur, tam əksinə, bu vacibdir. Digər tərəfdən isə hakimiyyətin nəzarətində olan media qurumları təsvir olunan həmin sərhədsiz manipulyasıyanı həyata keçirmək gücündə deyil.

Müharibə başlayandan bəri (mən bu tarixi iyulun 12-dən hesablamağı təklif edərdim) bir sıra hallar xaric, hakimiyyətlə cəmiyyət arasında diametral ziddiyyətlərin olmadığını nəzərə alsaq, burda hərhansı bir təzad axtarmağa da ehtiyac yoxdur.

Məsələn, mən də daxil olmaqla azsaylı bir kəsim 10 noyabr sazişindəki "sülhməramlılara" qarşı çıxsaq da bu məsələdə milli maraqları prioritet götürmüşük. Mübahisə yaratmaq üçün yazmıram bunu, amma bu gün də Rusiya "sülhməramlılarının" ölkəyə buraxılmasına qarşıyam və sabah da olacağam.

Amma artıq baş vermiş faktı qoyaq bir kənara, keçək daha aktual məqamlara. O məqamlara ki, bizi ayırmır, əksinə, birləşdirir.

Deməli, son günlər hamımız "sülhməramlıların" açıqca qeyri-qanuni və ölkəmizin milli maraqlarına zidd addımlarının şahidi olduq  və buna da az qala hamılıqla etiraz etdik.

Hamılıqla və indi heç kim deməsin ki, elə həmin Rusiya da bunu nəzərə almadı. Aldı əlbəttə, çünki burda elə bir təsir mexanizmi formalaşır ki, son nəticədə o, mütləq Rusiyanın atmaq istədiyi addımlara əks təsir göstərir. Həmin mexanizm Azərbaycan hakimiyyətinin ictimai rəyi nəzərə almasından keçir.

Azərbaycandakı ictimai əhval Rusiya üçün əhəmiyyətsiz ola bilər (hərçənd, əminəm ki, onlar da buna önəm verirlər), amma Azərbaycan hakimiyyəti üçün əhəmiyyətsiz deyil. Çünki ictimai rəy istənilən hakimiyyət üçün həm də dayaq nöqtəsidir. Deyək ki, elə həmin Rusiya ilə ortaya çıxan ziddiyyətlərin aradan qaldırılmasında.

Əlbəttə, Bakıda keçirilən Zəfər paradına Moskvada çox neqativ yanaşdılar. Rəsmi Rusiya dairələrdən həmin neqativ reaksiyanı görməsək də, onların susması fonunda hakim zümrəyə yaxın deputatların, ekspertlərin, jurnalistlərin aqressiyasında bu, açıq-aydın sezilirdi.

Moskvada vurulmuş Rusiya silahlarının paradda nümayişini ən yaxşı halda qeyri-dostluq jesti kimi qəbul elədilər. Normal dövlətdə belə reaksiya və ya dəyərləndirmə qeyri-adekvat kimi qəbul olunardı, çünki silah təkcə vurmur, həm də vurulur. Bu onun təyinatıdır. Normal dövlətdə, amma Rusiyada yox.
Çünki Rusiya təbliğatı rus silahını az qala milli qürur simvolu kimi təqdim edir, halbuki o, sadəcə silahdır. Amma paradın ardınca artan aqressivlik bunun məhz milli qürurun alçaldılması cəhdi kimi qəbul olunduğuna işarədir. Tək o deyil, həm də Laçında rus "sülhməramlıları" üçün konsertdə nümayiş olunan "qələbə rəqsi".

Sizi bilmirəm, mənə həmin "qələbə rəqsi" Paşinyanın Cıdır Düzündəki "yallısını" xatırlatdı.

Bunların hamısı ritorik məsələlərdir, amma həm də praktik. Belə ki, istənilən missiya ilə ölkəmizə gələn istənilən xarici dövlətə bir şeyi açıq, dəqiq və qətiyyətlə çatdırmalıyıq: bu ölkənin sahibi siz deyilsiniz və bu da müzakirə olunmur.

Həmin formul təkcə "sülhməramlı" məsələsində deyil, bütün digər məsələlərdə də özünü göstərməlidir. Bunun üçün də ilk növbədə hər bir azərbaycanlının özündə ölkəsinin sahibi hissi olması vacibdir. Bu haqda da hamılıqla düşünməliyik: öz gündəlik qayğıları ilə çarpışan sıradan vətəndaşdan tutmuş dövlətin başçısına qədər hamımız.

Qeyri-rəsmi mənbələrdən daxil olan məlumatlarda Laçın ərazisində Azərbaycan xüsysi təyinatlılarının qarşısını kəsmək istəyən "sülhməramlılara" sərt təpki verməsi deyilir. Belə halları da hamılıqla alqışlamalıyıq və dəstəkləməliyik, çünki torpağın sahibi ölkəyə işğal niyyətilə soxulmuş Rusiya "sülhməramlısı" deyil, onun yolunda canını, qanını fəda eləmiş Azərbaycan əsgəridir.

Bunu təkcə özümüzün anlamağımız kifayət eləmir, ölkəmizdə ağalıq etmək iddiasına düşənlərə də anlatmağımız son dərəcə önəmlidir.
Həm də hər addımda anlatmaq.

Visiontv.az