Tehran Yol Polisinin rəisi qadınların motosiklet sürməsini cinayət elan edib
16.09.2025

Tehranın yol polisinin rəisi, hazırkı vəziyyətdə sürücülük vəsiqəsi almaq mümkün olmadığına görə, qadınların motosiklet sürməsinin “cinayət hesab edildiyini” və polisin bununla məşğul olacağını açıqlayıb.

Musəvipur vurğulayıb ki, yol polisi qadınlara motosiklet üçün sürücülük vəsiqəsinin verilib-verilməməsinə qərar verən tərəf deyil, polisin missiyası “qaydaları yerinə yetirmək və yol intizamını qorumaqdır”.

İranda qadınların motosiklet sürməsinə reaksiyalar artdıqca, parlamentin sosial məsələlər komissiyasının üzvü Məhəmməd Sirac sentyabrın 15-də qadınların avtobus, treyler və buldozer sürücüsü işlədiyini deyib:

"Bu insanlar vəsiqələrini alıblar, işləyirlər və heç bir problem yoxdur. Lakin motosikletlə bağlı bu məsələnin öz mədəni və sosial nəticələri olduğunu söyləmək lazımdır." - deyə o bildirib.

Məhəmməd Sirac motosiklet sürərkən qadınların geyimləri və davranışları ilə bağlı dini və adət-ənənə baxımından narahatlıqların olduğunu deyib. 

Motosikletdə oturan qadın geyimini əynində saxlaya bilmir, çünki onun hər iki əli motosikletin idarə olunmasında iştirak edir və onun geyimi küləyə məruz qalır. O bildirib ki, heç bir qadın qohumunun motosiklet sürməsini istəmir.

Qeyd edək ki, İslam Respublikasının İranda qadınlara qarşı təzyiqlərinə baxmayaraq, hesabatlarda və videolarda qadınların məcburi hicab olmadan küçələrdə motosiklet sürdükləri görünür.

visiontv.az